AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim ediləcək 3 dissertasiya işinə dair müzakirələr aparıldı.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, elmi kadr hazırlığının rəhbərlik etdiyi qurumun qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd etdi. Bu baxımdan institutda hər bir tədqiqatçının elmi fəaliyyətinin monitorinqinin aparılması, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların elmi fəaliyyətinin müzakirəsinə həsr olunmuş seminarların müntəzəm keçirilməsinin zəruriliyini vurğuladı.
Sonra çıxış edən institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verdi. Qeyd etdi ki, dissertasiyanın məqsədi bulud texnologiyalarının informasiya təhlükəsizliyinin təmin edilməsi sisteminin yaradılmasının elmi-nəzəri və metodoloji əsaslarının, onun optimal idarə edilməsi üsullarının işlənməsidir.
Mövzunun aktuallığından bəhs edən iddiaçının sözlərinə görə, hazırda mövcud olan federativ idarəetmə sistemlərinin inam modellərində əvvəlcədən konfiqurasiya olunmaq ehtiyacı olduğundan onlar bulud kimi dinamik mühitlər üçün əlverişli hesab edilmir. Bu səbəbdən müxtəlif bulud aktorları arasında dinamik federasiyanın qurulması əsas tədqiqat problemi kimi qiymətləndirilir.
F.Abdullayeva giriş, 7 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan dissertasiya işi çərçivəsində 19 məqalə, 9 konfrans materialının nəşr olunduğunu diqqətə çatdırdı.
Elmi seminarda çıxış edən institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat “Kiber-fiziki sistemlərin böyük verilənlərinin intellektual analizi metod və alqoritmlərinin işlənməsi” adlı dissertasiya işinin aktuallığı, məqsədi, qarşıya qoyulmuş əsas məsələlər, nəşr olunmuş və hazırlanma mərhələsində olan məqalələr barədə ətraflı məlumat verdi.
O, kiber-fiziki sistemlərin informasiya təhlükəsizliyinin təmin edilməsi problemləri, kiber-fiziki sistemlərin böyük verilənlərinin toplanması, aqreqasiyası, saxlanması və analizinin texnoloji xüsusiyyətləri, kiber-fiziki sistemlərin kiberdavamlılığının ölçülməsi problemləri və s. kimi amillərin mövzunun aktuallığını şərtləndirdiyini bildirdi. Qeyd etdi ki, dissertasiya işinin məqsədi kiberdavamlılığın qorunması məqsədilə Sənaye 4.0 konsepsiyası əsasında kiber-fiziki sistemlərdə böyük verilənlərin intellektual analizi metod və alqoritmlərinin işlənilməsidir.
L.Suxostat dissertasiya işinin giriş, 5 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu bildirdi. Qeyd etdi ki, elmi tədqiqata dair 15 məqalə və 15 konfrans materialı nəşr olunmuşdur.
Daha sonra institutun baş elmi işçisi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “İntellektual proqram sistemlərinin sintezi üçün metod və modellərin işlənilməsi” mövzusunda dissertasiya işi haqqında məlumatı seminar iştirakçılarının diqqətinə çatdırdı.
“İntellektual proqram sistemlərinin səmərəliliyinin artırılmasında, proqram təminatının təhlükəsizliyinin təmin olunmasında problemlərin mövcud olması, proqram təminatının işlənməsində yüksək effektivliyə malik olmaq üçün intellektuallığın rolunun artması, intellektual proqram sistemlərinin sintezi üçün işlənən proqramların az olması, müasir tələblərə cavab verən yeni intellektual proqram sistemlərinin işlənməsi zəruriyyətinin yaranması və s. mövzunun aktuallığını şərtləndirən əsas amillərdir”, – deyə məruzəçi bildirdi.
İddiaçı qeyd etdi ki, dissertasiya işinin məqsədi qeyri-səlis məntiqdən, Soft Computing metodlarından, çoxmeyarlı qərarların analizi üsullarından və s. istifadə etməklə intellektual proqram sistemlərinin sintezi üçün metod və modellərin işlənilməsidir.
Ş.Mahmudova giriş, 5 fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarət olan dissertasiya işi çərçivəsində 17 məqalə, 13 konfrans materialının çap olunduğunu bildirdi.
Sonda hər bir iddiaçının dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, təklif və tövsiyələr səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.