Elmi şuranın iclasında bir sıra mühüm məsələlər müzakirə olundu

04 Yanvar 2022 - 12:16 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının 2021-ci il üzrə sonuncu onlayn iclası keçirildi. 

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev iclasda rəhbərlik etdiyi qurumun 50 illik yubileyi çərçivəsində görülmüş işlər, 2021-ci il ərzində institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti, ikt.az saytının yeni versiyasının təqdimatı və digər məsələlər ətrafında müzakirələrin aparılacağını diqqətə çatdırdı.

Sonra iclasda institutun 50 illik yubileyi münasibəti ilə dərc olunmuş bəzi nəşrlər haqqında məlumat verildi. Bu barədə çıxış edən Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova institutun 50 illik yubileyi münasibəti ilə 12 ekspres-informasiyanın işıq üzü gördüyünü bildirdi.

M.Səidova “İnformasiya təhlükəsizliyi problemləri. Məqalələrin xülasələri”, “Bulud texnologiyaları problemləri. Məqalələrin xülasələri”, “Süni intellekt texnologiyalarının elmi-nəzəri və praktiki problemləri. Məqalələrin xülasələri”, “Big data problemləri. Məqalələrin xülasələri”, “Elektron tibb problemləri. Məqalələrin xülasələri” adlı ekspress-informasiyalar, burada nəşr olunan materiallar, o cümlədən nəşrlərin elmi redaktorları barədə danışdı.

O, dördüncü sənaye inqilabı, insan resurslarının intellektual idarə olunması, elektron dövlət, elektron elm, proqram mühəndisliyi, informasiya və bilik iqtisadiyyatı, eləcə də internet sosiologiyası problemləri ilə bağlı nəşrlərin dərc olunduğunu da diqqətə çatdırdı.

Şöbə müdiri institutun 50 illiyinə həsr olunmuş bukletin hazırlanması üzrə də işlərin aparıldığını və onun yaxın zamanda nəşrinin nəzərdə tutulduğunu vurğuladı.

Akademik Rasim Əliquliyev çıxış edərək kiber-fiziki sistemlərin problemləri ilə bağlı ekspress-informasiyanın da hazırlanmasının vacibliyini vurğuladı, bu istiqamətdə İşçi qrupun yaradılmasını tövsiyə etdi.

Daha sonra tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun 50 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olundu.

Videoçarxda institunun 50 illik fəaliyyəti dövründə baş verən mühüm hadisələr, müəssisənin yaranma tarixinə dair mühüm faktlar, keçirilmiş beynəlxalq və respublika səviyyəli elmi konfranslar, dünyanın tanınmış alimləri ilə görüşlər, institutun mərkəzlərinin fəaliyyəti ilə bağlı görüntülər öz əksini tapmışdır.

İclasda Sənədlərlə iş şöbəsinin müdiri Dinara Zeynalova 2021-ci il ərzində institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti haqqında məlumat verdi. O, tapşırıqlara əsasən, institutun şöbələrində müxtəlif problemlərə həsr olunmuş onlayn elmi seminarların təşkili, beynəlxalq və respublika səviyyəli elmi jurnallara və elmi-praktiki konfranslara məqalələrin təqdim olunması və nəşri, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti, elmi tədqiqatların nəticələrinə dair məqalələrin hazırlanması və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlərdən bəhs etdi.

İnstitutun baş mütəxəssisi Aqşin Paşayev çıxış edərək ikt.az saytının yeni versiyasını təqdim etdi. O, öncə saytın yeni versiyasının işlənilməsinə dair fəaliyyət planı üzrə yaradılmış işçi qrup tərəfindən yerinə yetirilmiş işləri diqqətə çatdırdı. Veb-saytda mövcud olan problemlərin aradan qaldırılması üçün təşkilatın əməkdaşlarının irəli sürdükləri bütün təklif və tövsiyələrin nəzərə alındığını bildirdi.

“Veb-resursun yeni versiyasının işlənilməsi üçün araşdırmalar aparılmışdır. Hazırlanmış texniki tapşırıq əsasında veb-saytın yeni dizaynı və proqram təminatı işlənilmişdir”, – deyə bildirən A.Paşayev beta versiyanı əyani olaraq nümayiş etdirdi.

Tədbirdə çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dissertant Aysən Fərəcova gənclərin yerli və beynəlxalq qrant layihələrdə, elmi tədbirlərdə iştirakı ilə bağlı məlumat verdi. Bildirdi ki, institutun gənc alimləri NATO-nun dəstəyi ilə keçirilən “İKT-nin tətbiqi üzrə 15-ci IEEE Beynəlxalq konfransı”, “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanınma-2021” XVI beynəlxalq elmi-texniki konfransı, X Milli Superkompüter Forumu və s. Yerli və beynəlxalq elmi tədbirlərdə məruzələrlə çıxış etdilər.

Sonra iclasda İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri və mərkəz rəhbəri vəzifələrinə seçkilər keçirildi.

Elmi şuranın iclasında, həmçinin institutda mükafatlandırma sisteminin təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi və digər məsələlərə dair müzakirələr aparıldı, müvafiq qərarlar qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.