AMEA İnformasiya Texnologiyaları İnstitutun baş mütəxəssisi Kəmalə Haşımova Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) “Süni intellekt və maşın təlimi” bölməsində “Sənaye 4.0-da İOT platformasında “ağıllı” bilbordlar şəbəkəsinin intellektual idarə olunması məsələləri” haqqında məruzə ilə çıxış edib.
K.Haşımova Sənaye 4.0-ın sürətlə yayılması nəticəsində reklam-marketinq sahəsində yeni texnologiyaların tətbiqinə geniş yol açıldığını diqqətə çatdırıb. Bildirib ki, istər küçə reklamı, istərsə də internet reklam marketinqinin inkişafında süni intellekt texnologiyalarının xüsusi rolu vardır.
“İnteraktiv lövhələr yeni texnologiyalara əsaslanan “ağıllı” bilbord və sensorlu küçələr, magistral yollar boyunca quraşdırılmaqla daha çox müştəri cəlb edir. Müasir texnologiyalara bələd olan marketoloqlar istifadəçilərin əldə etmək istədikləri məhsulları vaxtında təqdim edə bilirlər”, - deyə K.Haşımova qeyd edib.
Məruzəçi bildirib ki, kiber-fiziki sistemlərin geniş yayıldığı müasir dövrdə intellektual alqoritmlərin köməyi ilə yaradılmış maşınlar əksər sahələrdə insan əməyini yüngülləşdirir. O, interaktiv və proqramlı reklamların inkişafına texnoloji, iqtisadi və sosioloji amillərin təsir göstərdiyini vurğulayıb. Qeyd edib ki, “ağıllı” reklamlar böyük məlumatlar, alqoritm və bulud hesablamalar vasitəsilə idarə olunur.
Sonda K.Haşımova zaman keçdikcə süni intellektin yalnız məlumatları təhlil etməklə kifayətlənmədiyini, yeniliklər yaratmaqda insanlara kömək etdiyini bildirib. Əlavə edib ki, bu məqsədlə süni intellektin reklam sahəsində tətbiq edilməsi, onların iş prinsipi araşdırılmış, bu sahədə yeni texnologiyaların tətbiq olunma prosesləri öyrənilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.