AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin hesabatı müzakirə olundu

04 Dekabr 2021 - 18:01 | Konfranslar, İclaslar
AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin hesabatı müzakirə olundu

AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin 2021-ci il üçün hesabatı müzakirə olundu.

Mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev hesabatı təqdim edərək, cari il ərzində elmi-innovasiya fəaliyyəti çərçivəsində AzScienceNet şəbəkəsinin infrastrukturunun genişləndirilməsi işlərindən söz açdı. AMEA-nın institut və təşkilatlarının yeni kompüterlərinin qoşulması, şəbəkə infrastrukturunun intellektual kommutatorlar əsasında yenidən qurulması, AzScienceNet-in texniki imkanlarının artırılması məqsədilə yaddaş və hesablama resurslarının artırılması ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırdı.

Təhlükəsizlik və monitorinq sistemləri üçün alınmış texniki avadanlıqların quraşdırılması, AMEA-nın qurumlarında Wi-Fi şəbəkəsinin və Eduroam xidmətinin yaradılması, AzScienceNet-in informasiya təhlükəsizliyinin və monitorinq sistemlərinin fəaliyyətinin təmin olunmasının da elmi-innovasiya fəaliyyəti çərçivəsində həyata keçirilən işlərdən olduğunu söylədi.

AzScienceNet şəbəkəsinin GEANT şəbəkəsinə inteqrasiyası istiqamətində aparılan işlərdən söz açan məruzəçi, 3Gbit/san. İnternet trafikindən səmərəli istifadə edilməsi istiqamətində işlərin görüldüyünü, AMEA-nın Fizika İnstitutunun nəzdində fəaliyyət göstərən GRID elmi-tədqiqat mərkəzinin GEANT şəbəkəsinə qoşulması və EapConnect layihəsi çərçivəsində alınmış telekommunikasiya avadanlıqlarının quraşdırılması işləri ilə bağlı müəyyən tədbirlərin icra edildiyini bildirdi.

B.Nəbiyev diqqətə çatdırdı ki, AzScienceNet üzərindən AMEA-nın Naxçıvan və Gəncə bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin istismarı, məlumatlandırma sisteminin (SMS və e-mail) genişləndirilməsi və istismarı, AMEA-nın institut və təşkilatlarında yeni xidmətlərdən (Wi-Fi, Eduroam, Edugain və s.) istifadə edilməsinin təşkili və s. AzScienceNet şəbəkəsində internet xidmətlərinin təşkili çərçivəsində görülən işlərdəndir.

O, respublika ali və elmi müəssisələri tərəfindən AzScienceNet şəbəkəsinin xidmətlərindən istifadə edilməsi istiqamətində işlərin aparıldığını, bu müəssisələrdə AzScienceNet şəbəkəsinin Cloud Computing, OwnCloud, eləcə də Eduroam xidmətindən istifadə edilməsinin təşkili işlərinin həyata keçirildiyini söylədi.

Məruzəçi hesabat ili ərzində AzScienceNet şəbəkəsinin proqram təminatının yenilənməsi istiqamətində görülən işlərdən də danışdı. Qeyd etdi ki, bu çərçivədə AzScienceNet şəbəkəsində təhlükəsizlik və monitorinqlə bağlı işlərin daha səmərəli aparılması üçün yeni proqram təminatının qurulduğunu, e-imza, mühasibatlıq və kadr işi ilə bağlı PT və sertifikatların yüklənməsinə və sazlanmasına dəstək verildiyini nəzərə çatdırdı.

Beynəlxalq təşkilatlarla əlaqələr haqqında məlumat verən B.Nəbiyev GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində aparılan işlərin davam etdirildiyini, bu çərçivədə GEANT tərəfindən təşkil olunan konfranslar, iclaslar, görüşlər və treninqlərdə iştirak edildiyini, “EaPConnect E-Infrastructure Conference” üçün hazırlıq işlərinə başlanıldığını diqqətə çatdırdı. Həmçinin AzScienceNet və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu söylədi.

O, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin strukturunu və AzScienceNet şəbəkəsinin Verilənlərin Emal Mərkəzinin sektorlarının həyata keçirdiyi işləri iclas iştirakçılarının nəzərinə çatdırdı.

B.Nəbiyev, həmçinin Mərkəzin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. ilə bağlı yerinə yetirilən işlər haqqında məlumat verdi.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, Mərkəzin fəaliyyətini yüksək qiymətləndirdi, AzScienceNet şəbəkəsinin infrastrukturunun genişləndirilməsi istiqamətində təklif və tövsiyələrini səsləndirdi.

Sonra hesabat ətrafında fikir mübadiləsi aparıldı. Elmi şuranın qərarı ilə Mərkəzin fəaliyyəti qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.