AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının bu qurumun struktur bölmələrinin 2021-ci il üzrə fəaliyyətlərinin qiymətləndirilməsinə həsr olunmuş hesabat iclasları davam edir.
Növbəti iclasda 8 saylı şöbənin 2021-ci il üzrə hesabatı ətrafında müzakirələr aparıldı. İllik hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev cari il ərzində elmi-tədqiqat fəaliyyəti, elmi-innovasiya fəaliyyəti, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri, şöbədə keçirilmiş elmi seminar və s. ilə bağlı görülmüş işlər haqqında danışdı.
F.Ağayev öncə şöbənin elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətlərindən olan “Education 4.0 platformasında Data Mining texnologiyasının tətbiqi ilə elekton təhsilin idarə edilməsinin səmərəliyinin artırılması metodlarının işlənməsi” mövzusu üzrə aparılan tədqiqatlar barədə məlumat verdi. Bildirdi ki, bu istiqamətdə elektron dövlətin əsas tərkib hissəsi kimi “e-learning” təhsilin bütün forma və səviyyələrində ümumi təhsil fəzasının yaradılmasında konseptual baxışlar araşdırılmış, elektron təhsil mühitinin formalaşmasında əsas komponent kimi qiymətləndirmə göstəriciləri işlənmiş, elektron tədris müəssisələrində Big Data texnologiyalarının tətbiqi məsələlərinə baxılmış və elektron təhsil mühitində intellektual analiz metodları tətbiq edilmişdir.
Məruzəçi Təhsil 4.0 konsepsiyasında fərdiləşdirmə, oyun tipli, mobil əlaqə, uyğunlaşma, öyrənmə analitikası metodu, ağıllı teletyutorlar və e-qiymətləndirmə kimi mühüm aspektlərə diqqət yetirməyin vacibliyini önə çəkərək süni intellektin bu sahədə mühüm rol oynadığını bildirdi, “ağıllı” tədrisin komponentlərindən söz açdı, bu mövzular üzrə nəşr olunmuş məqalələrdən bəhs etdi.
Şöbənin rəhbəri F.Ağayev şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq, müxtəlif elmi-texniki ekspertiza işlərinin həyata keçirildiyini bildirdi. Həmçinin şöbənin elmi-pedaqoji fəaliyyəti çərçivəsində magistrantlara rəhbərlik edildiyini, onlarla məqsədyönlü iş aparıldığını söylədi.
Mövzu ətrafında fikir mübadiləsi aparıldı, məruzəçi sualları cavablandırdı. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik hesabatı üzrə bir sıra təklif və tövsiyələrini səsləndirdi, şöbədə aparılan elmi tədqiqatların nəticələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmasının vacibliyini vurğuladı. Sonda təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2021-ci il üçün illik hesabatı Elmi şuranın qərarı ilə təsdiq olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.