Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2013-cü ili əhatə edən hesabat iclası keçirildi.
İclasda AMEA Riyaziyyat və Mexanika, Fizika, Kibernetika, Radiasiya Problemləri, İnformasiya Texnologiyaları institutları və Şamaxı Astrofizika Rəsədxanasının illik hesabatları təqdim olundu.
Bölmənin akademik-katibi, AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev tədbiri giriş sözü ilə açaraq İKT ili çərçivəsində bölmənin elmi müəssisələri qarşısında qoyulmuş vəzifələrdən, icra edilmiş kompleks tədbirlərdən söhbət açdı. Bildirdi ki, həyata keçirilən elmi-tədqiqatlar dövlət proqramlarına dəstək verməklə yanaşı, qlobal problemlərin həllinə yönəldilmişdir.
Öncə Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov illik hesabatla çıxış etdi. 3 əsas istiqamət üzrə aparılan fundamental və tətbiqi xarakterli 8 mövzunu əhatə edən 42 elmi-tədqiqat işi haqqında məlumat verdi. Bildirdi ki, institutun əməkdaşları tərəfindən respublika və beynəlxalq elmi nəşrlərdə 355 məqalə dərc olunub ki, onlardan 161-i impakt faktorlu jurnallarda işıq üzü görmüşdür.
Kibernetika İnsitutunun direktoru, akademik Telman Əliyev rəhbərlik etdiyi elmi müəssisədə informasiya-telekommunikasiya sistemlərinin, eləcə də riyazi modelləşdirmənin, idarəetmənin və avtomatlaşdırmanın nəzəri və tətbiqi problemləri araşdırılmışdır. 43 elmi-tədqiqat işi aparılıb, onlardan 22-si başa çatdırılmışdır. Dünyanın bir çox ölkələrində erkən zəlzələ xəbərdarlığı sistemlərinin yaradıldığını qeyd edən akademik institutda aparılmış Anomal Seysmik Proseslərin Monitorinqinin nəticələrini nəzərə çatdırdı. 305 elmi nəşrin işıq üzü gördüyünü qeyd edən Telman Əliyev onlardan 65-nin nüfuzlu elmi bazalarda öz əksini tapdığını vurğuladı.
İnformasiya Texnologiyaları İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevcari ildə institutda informasiya təhlükəsizliyi, sosial şəbəkələrin analizi, biometrik, audioinformasiya, süni intellekt və sosioinformasiya texnologiyaları, intellektual informasiya sistemləri və digər prioritet istiqamətlər üzrə aparılan elmi-tədqiqat işlərindən danışdı.
AzScienceNet elm kompüter şəbəkəsi, Tədris-İnnovasiya Mərkəzi, Multimedia mərkəzi və institutun www.ict.az saytının illik fəaliyyətini nəzərə çatdırdı. www.science.gov.az portalının yeni versiyasının hazırlandığını bildirən alim, yeni yaradılan “Elm TV” internet-televiziyası haqqında məlumat verdi.
Radiasiya Problemləri İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov institutda praktiki nüvə elmləri, alternativ və qeyri-ənənəvi enerji mənbələrinin istifadəsi və digər istiqamətlərdə elmi araşdırmaların aparıldığını qeyd etdi.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.ikt.az saytına istinad zəruridir.