AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 13 saylı şöbənin 2021-ci il illik hesabatı ətrafında müzakirələr aparıldı.
Hesabatı təqdim edən şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova şöbənin cari il ərzində elmi-tədqiqat fəaliyyəti, elmi-innovasiya fəaliyyəti, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri, şöbədə keçirilmiş elmi seminar və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.
Məruzəçi bildirdi ki, cari ildə tədqiqatlar informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində “Big Data analitikası problemləri” üzrə aparılmışdır.
M. Hacırəhimova əvvəlcə elmi-tədqiqat işləri üzrə məlumat verdi. “E-demoqrafiya sistemlərində toplanmış böyük verilənlərin demoqrafik göstəricilər üzrə klassifikasiyası üçün model və alqoritmlərin işlənilməsi” mövzusunda tədqiqatların aparıldığını bildirdi. Mövzu üzrə çap olunmuş məqalələrdən və məruzə olunmuş konfrans materialları haqqında məlumat verdi. O, mətn tipli böyük sosial media məlumatlarının sentiment analizi üçün maşın təlim modelinin işləndiyini, kompüter şəbəkə verilənlərində anomaliyaların (DoS hücumların) aşkarlanması üçün ansambl təlim modelinin işləndiyini və data setlər üzərində eksperimentlərin aparıldığını diqqətə çatdırdı. Məruzəçi şöbədə sosial şəbəkə istifadəçilərinin məlumatları əsasında demoqrafik xüsusiyyətlərin analizi ətrafında aparılan tədqiqatlardan da bəhs etdi. Bu mövzular üzrə nəşrlərdən bəhs etdi.
Şöbənin rəhbəri M.Hacırəhimova şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq, müxtəlif elmi-texniki ekspertiza işlərinin həyata keçirildiyini bildirdi.
O, həmçinin şöbənin elmi-pedaqoji fəaliyyət çərçivəsində magistrantlara rəhbərlik edildiyindən və iyun ayında bir magistrantın dissertasiya işinin müdafiəsindən danışdı. Elmi-təşkilati fəaliyyəti, nüfuzlu jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli kofranslarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında ətraflı məlumat verdi.
Mövzu ətrafında fikir mübadiləsi aparıldı, məruzəçi sualları cavablandırdı. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik hesabatı üzrə bir sıra təklif və tövsiyələrini səsləndirdi, şöbədə aparılan elmi-tədqiqatların nəticələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmasının vacibliyini vurğuladı. Sonda təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2021-ci il üçün illik hesabatı elmi şuranın qərarı ilə təsdiq olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.