İnstitutun alimi “MDB-2021 üzv ölkələrin alimlərinin III Forumu”nda iştirak edəcək

16 Noyabr 2021 - 12:47 | Konfranslar, İclaslar
İnstitutun alimi “MDB-2021 üzv ölkələrin alimlərinin III Forumu”nda iştirak edəcək

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında institutun beynəlxalq konfranslara hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev bildirib ki, AMEA rəhbərliyi tərəfindən İnformasiya Texnologiyaları İnstitutuna etimad göstərilərək məhz AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin Azərbaycandan Belarusa səfər edəcək nümayəndə heyətinin üzvlüyünə namizədliyi irəli sürülüb və alim heyətin tərkibinə daxil edilib.

Alim R.Alıquliyevin 24-27 noyabr 2021-ci il tarixlərində Minskdə keçiriləcək “MDB-2021 üzv ölkələrin alimlərinin III Forumu”nda (III Форум ученых государств-членов СНГ-2021), eləcə də Belarus MEA Birləşmiş İnformatika Problemləri İnstitutu ilə elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə təşkil olunacaq bir sıra görüşlərdə iştirak edəcəyini diqqətə çatdırıb.

Sonra AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev çıxış edərək, forumda “Fundamental elmin inkişafının vəziyyəti və perspektivləri”, “Rəqəmsal əsrdə elmi əməkdaşlığın təkmilləşdirilməsi” və “İnnovativ elmi tədqiqatlar” adlı 3 seksiya iclasında bir sıra aktual problemlərin müzakirə olunacağını, müvafiq istiqamətlərdə geniş fikir mübadiləsi aparılacağını söyləyib. O, tədbirdə hər bir MDB üzv ölkəsindən 9 alimin iştirak edəcəyini qeyd edib və AMEA rəhbərliyinə göstərdiyi etimada görə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.