Əşyaların İnterneti platforması üçün ən populyar proqram təminatları təhlil edilib

16 Noyabr 2021 - 12:03 | Yeni nəşrlər
Əşyaların İnterneti platforması üçün ən populyar proqram təminatları təhlil edilib

“Əşyaların İnterneti üçün intellektual sistemlər: mahiyyət, perspektivlər və problemlər” (“Intelligent systems for the Internet of things: essence, perspectives and problems”) adlı məqalə “International Journal of Natural Sciences Research”adlı beynəlxalq jurnalında çap olunub.

Məqalənin müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovadır.

Tədqiqat çərçivəsində Əşyaların İnterneti (Internet of Things, IoT) haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Əşyaların İnterneti fiziki obyektlər şəbəkəsini - İnternet vasitəsilə digər cihaz və sistemlərlə məlumatları birləşdirmək və mübadilə etmək üçün sensorlar, proqram təminatı və digər texnologiyaların daxil olduğu “əşyaları” təsvir edir. Başqa sözlə, IoT bir çox “ağıllı” cihazı bir yerə toplamaq, təhlil etmək, işləmək və məlumatı bir-birlərinə ötürmək imkanı verən və şəbəkəyə bağlayan nisbətən yeni bir texnologiyadır.

Tədqiqatçı müəllifi olduğu məqalədə Əşyaların İnterneti üçün intellektual sistemlərin mahiyyətini izah etmiş, IoT platforması üçün ən populyar proqram təminatlarını təhlil etmişdir. IoT üçün yüksək səviyyəli intellektual sistemləri araşdırmış, bu sahə üzrə mövcud olan ədəbiyyatlar təhlil etmişdir.

Məqalədə, həm də 2021-ci il üçün IoT-un ən müasir proqram təminatı haqqında məlumat verilmiş, Əşyaların İnterneti üçün intellektual sistemlərin perspektivləri və problemləri  araşdırılmışdır.

Qeyd edək ki, “International Journal of Natural Sciences Research” jurnalı CNKI Scholar, Crossref, Google Scholar, Microsoft Academic Search, Academic Resource Index, CiteFactor və digər nüfuzlu bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.