Industry 4.0 şəraitində uşaqların təhlükəsizliyinin təmin olunmasına kompleks yanaşma təklif edilib

05 Noyabr 2021 - 09:23 | Konfranslar, İclaslar
Industry 4.0 şəraitində uşaqların təhlükəsizliyinin təmin olunmasına kompleks yanaşma təklif edilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sabirə Ocaqverdiyevanın elmi-tədqiqat işi NATO-nun dəstəyi ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransda təqdim olunub.

“Industry 4.0 şəraitində uşaqların təhlükəsizliyinin təmin olunmasına kompleks yanaşma haqqında” məruzəsinə dair çıxış edən S.Ocaqverdiyeva texnologiyaların sürətlə inkişaf etdiyi, yeni ideya və baxışların ortaya çıxdığı müasir dövrdə Industry 4.0-ın bir fenomen kimi meydana gəldiyini bildirib. Industry 4.0 texnologiyalarının inkişaf etmiş rəqəmsallaşdırma ilə xarakterizə olunduğunu, onların artıq insan həyatının demək olar ki, bütün sahələrində tətbiq edildiyini diqqətə çatdırıb.

“Məlum olduğu kimi, ətrafdakı daşınan və daşınmayan əşyalar, insanlar, heyvanlar, ağaclar və s. obyektlər müxtəlif sensorlar vasitəsilə şəbəkəyə bağlanırlar. Cəmiyyətdəki bu şəbəkə təkcə kompüterlərlə deyil, həm də müxtəlif obyektlər və aksessuarların (qadjetlər, dərialtı sensorlar, “ağıllı” eynək və s.) köməyilə yaradılır. İnformasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə bu proseslər yetişməkdə olan gənc nəslə də öz təsirini göstərir. Zaman keçdikcə müxtəlif rəqəmsal cihazlar uşaqların həyatına inteqrasiya olunur. Bu cihazlar məlumatların əldə edilməsində və ötürülməsində rahatlığı, sürət və ya dəqiqliyi təmin etməklə yanaşı, eyni zamanda uşaqların təhlükəsizliyi ilə bağlı müəyyən problemlər də yaradır”, – deyə məruzəçi bildirib.

S.Ocaqverdiyevanın sözlərinə görə, həmin cihazlar valideynlər üçün uşaq haqqında məlumatın vaxtında əldə olunmasında çox faydalıdır. Lakin rəqəmsal əşyalar vasitəsilə daşınan məlumatların həcmi bir müddət keçdikdən sonra böyüyür. Məlumat bazalarına toplanmış bu verilənlərin emalı və saxlanması Big Data texnologiyalarından istifadəni tələb edir. Bu məlumatlar onlayn şəkildə bazaya daxil edilir və sürətli emal prosesini reallaşdırır. Belə olan halda müxtəlif sistemlərdə toplanmış məlumatlar əsasında qərar qəbul etmək prosesi bir qədər çətinləşir və onları analiz etmək üçün intellektual sistemlərə ehtiyac yaranır.

O, tədqiqat işində Industry 4.0 şəraitində uşaqların təhlükəsizliyinin təmin olunmasında rəqəmsal qurğuların rolunun araşdırıldığını, uşaqların informasiya mühitinin təhlükəsizliyinin təmini üçün Children 4.0 konsepsiyasının təklif edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, yeni konsepsiyada geyilə bilən əşyalar vasitəsilə məlumat bazalarına daxil olan informasiyanın təhlükəsizlliyinin (tibbi informasiya təhlükəsizliyi, məkan məlumatları ilə bağlı informasiyanın təhlükəsizliyi və s.) təmin olunmasını həyata keçirən kompleks yanaşma təklif edilir. Burada sensorlar vasitəsilə toplanan məlumatların analizi, monitorinqi, qiymətləndirilməsi və s. kimi faktorlara əsasən, uşaqların informasiya mühitinin, həmçinin fərdi məlumatlarının təhlükəsizliyinin təmin edilməsi məsələlərinə baxılıb, problemin həllində “ağıllı” əşyalar konsepsiyasının rolu müəyyənləşdirilib. Bu yanaşma uşaqların fərdi məlumatlarının qorunmasında böyük əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.