Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması metodu işlənilir

02 Noyabr 2021 - 10:47 | Konfranslar, İclaslar
Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması metodu işlənilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin növbəti onlayn elmi seminarında şöbənin böyük elmi işçisi Könül Daşdəmirovanın “Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi” mövzusunda dissertasiya işinin icra vəziyyəti müzakirə olunub.

K.Daşdəmirova çıxış edərək, dissertasiya işinin qısa xarakteristikası haqqında məlumat verib. Mövzunun aktuallığını önə çəkən tədqiqatçı qeyd edib ki, informasiya cəmiyyətinin əsası olan məlumat və biliklər cəmiyyətin və dövlətin inkişafı üçün əsas strateji mənbəyə çevrilərək xüsusi bir status qazanır, fərdin və cəmiyyətin ümumi həyat tərzinə, qarşılıqlı münasibətlərin mahiyyətinə müsbət təsir göstərir.

O, digər tərəfdən İKT-nin qlobal səviyyədə tətbiqinin bir çox problemlərin kəskinləşməsinə gətirib çıxardığını söyləyib: “Yeni texnologiyalardan və informasiyadan insanların düşüncəsini, davranışını manipulyasiya etmək, onların mənəvi-psixoloji sağlamlığına zərər vurmaq üçün də istifadə edilir, kibercinayətkarlıq, kiberterrorizm, informasiya müharibəsi təhlükələri artır. Bu səbəbdən informasiya təhlükəsizliyi milli təhlükəsizlik sisteminin ən mühüm komponentlərindən birinə çevrilir”.

Məruzəçi dissertasiya işinin əsas məqsədinin milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi olduğunu qeyd edib.

Tədqiqat işində qarşıya qoyulmuş məsələlərdən söz açan K.Daşdəmirova bildirib ki, buraya informasiya cəmiyyəti mühitində informasiya təhlükəsizliyi problemlərinin analizi, şəbəkələşmiş cəmiyyətin İnternet sosio-texnoloji problemləri və onların təhlili, informasiya təhlükəsizliyi metodlarının araşdırılması, informasiya təhlükəsizliyinə yönəlmiş mənbələrin və potensial təhdidlərin tədqiqi, cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi və s. aiddir.

Məruzəçi tədqiqat işi çərçivəsində çap olunmuş, eyni zamanda hazırlanma mərhələsində olan məqalə və tezislər barədə məlumatları da seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonra dissertasiya işinə dair elmi rəhbər – AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim İKT-nin sürətlə inkişaf edərək, insan fəaliyyətinin bütün sahələrinə uğurla tətbiq edildiyi, elektron dövlətin, informasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə milli informasiya təhlükəsizliyinin təmin olunması məsələsinə də yeni baxışlar, yanaşmalar və metodologiyaların tələb edildiyini bildirib. Müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.