Müasir dövrdə terrorizm və cinayətkarlara qarşı mübarizə kəskin surətdə artmışdır. Bütün dünyanı bürümüş terror aktlarının dalğası aşkarlayıcı və önləyici təhlükəsizlik sistemlərinin və proqram təminatının təkmilləşdirilməsini zəruri etmişdir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova NATO-nun dəstəyi ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda beynəlxalq konfransın plenar iclasında “Ontologiyanın vasitəsilə kibertəhlükəsizliyin təmin olunması üçün intellektual proqram sisteminin işlənilməsi” adlı məruzə ilə çıxış etdi.
Ş.Mahmuodva bildirdi ki, əksər dövlətlərdə qarşıda duran əsas məsələlərdən biri qaçaqmalçılıq, terror aktlarının qarşısının alınması və müxtəlif sistemlərin yaradılması üçün yeni yanaşmaların, yeni prinsiplərin təşkilinə imkan vermək və milli təhlükəsizlik, beynəlxalq səviyyədə inteqrasiyalar və s. üzrə proqram təminatı mərkəzlərinin yaradılmasıdır. Axtarışın, aşkar etmənin və şəxsiyyətə, cəmiyyətə və dövlətə qarşı cinayətlərin təşəbbüskarlarının identifikasiyası sisteminin təkmilləşdirilməsi, bütovlükdə xüsusi əhəmiyyət kəsb edir. Belə məsələlərin həlli qlobal miqyasda yeni yanaşmalar və ən müasir texnologiyaların tətbiqini tələb edir. Araşdırma və ya operativ-axtarış fəaliyyəti çərçivəsində alınmış istənilən dəlil real vaxt müddətində effektiv istifadə edilməlidir.
O, ontologiyanın İntellektual Proqram Sistemlərinin (İPS) inkişafında tələb olunan biliklərin konseptual səviyyəsini təmin edən bir vasitə olduğunu qeyd edərək bildirdi ki, xüsusilə ontologiyanın istifadəsi İPS quruluşunu formalaşdırmağa, bir sıra komponentləri və onların əlaqələrini təsvir etməyə, məlumat və proqram təminatlarına istinad edərək həll ediləcək tapşırıqların siyahısını yaratmağa imkan verir, komponentlər vasitəsilə müəyyən bir istifadəçinin ehtiyaclarına uyğun çevik interfeyslə təmin edir.
Məruzəçinin sözlərinə görə, kibertəhlükəsizlik bir sıra texnologiyaları, prosesləri, kompüter avadanlıqlarını, məlumatları, proqramları, xidmətləri, şəbəkələri istəmədən və ya icazəsiz girişdən, dəyişikliklərdən və məhv edilmədən, o cümlədən planlaşdırılmamış hadisələrdən qorumaq metodlarını əhatə edir:
“Layihələndirilən intellektual proqram sistemi kibertəhlükəsizliyi təmin etmək üçün sistemə daxil olan məlumatların toplanması və təhlili kimi problemləri, məlumatların monitorinqi - onların real vaxtda interpretasiyası, kompüter idarəetmə sistemlərinin işinin diaqnostikası və normal iş rejimindən sapmaların aşkarlanması, müəyyən hadisələrin nəticələrinin proqnozlaşdırılması, zəruri məlumat və tövsiyələrin vaxtında verilməsi və qərarların qəbul etməsi kimi məsələləri həll etməlidir. Proqramlaşmada ontologiya proqram sistemlərinin biliklərinin formal təsviridir. Kibertəhlükəsizlik kiber məkanda məlumatların məxfiliyi, bütövlüyü və mövcudluğunun, eyni zamanda həqiqiliyinin, müşahidə oluna biləcəyinin və etibarlılığının təmin edilməsi deməkdir. Standarta görə, kibertəhlükəsizliyə informasiya təhlükəsizliyi, tətbiqetmə təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi və İnternet təhlükəsizliyi etibar edilir”.
Ş.Mahmudova sonda mövzu ilə əlaqədar bir sıra sualları cavablandırdı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.