Hər bir alim elmi biliklərin peşəkar şəkildə populyarlaşdırılmasında əhəmiyyətli rola malikdir

25 Oktyabr 2021 - 10:00 | Konfranslar, İclaslar
Hər bir alim elmi biliklərin peşəkar şəkildə populyarlaşdırılmasında əhəmiyyətli rola malikdir

Xəbər verdiyimiz kimi, 27-29 oktyabr 2021-ci il tarixlərində AMEA İnformasiya Texnologiyaları İnstitutunda NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans keçiriləcək. Tədbirdə ABŞ, Almaniya, Polşa, Avstriya, İsveç, Türkiyə, Macarıstan, Estoniya və Gürcüstanın müvafiq sahə üzrə aparıcı alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

İnstitutda beynəlxalq konfransa hazırlıq, eləcə də konfransa dair məlumatların media vasitəsilə ictimaiyyətə çatdırılması istiqamətində işlərin müzakirəsi ilə bağlı müşavirə keçirildi.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev bildirdi ki, ölkədə qabaqcıl texnologiyaların tətbiqi, kibertəhlükəsizlik problemlərinin həlli yollarının tapılması istiqamətində fundamental tədqiqatların aparılması dövlət siyasətinin prioritetlərindəndir. Respublika üzrə elmi potensialın əsas mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyası dövlətin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində mövcud intellektual potensialından səmərəli istifadə etməlidir. Akademiyanın, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunun Azərbaycan dövlətinin milli və strateji maraqlarının təmin olunmasında, Dağlıq Qarabağ müharibəsində erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar aparılan işlərdə həm dövlət qurumu, həm də vətənpərvər ziyalı kimi yaxından iştirakı son dərəcə vacibdir.

Akademik ölkəmizdə belə bir nüfuzlu tədbirin keçirilməsinin NATO-nun Azərbaycan dövlətinə, onun apardığı siyasətə, eləcə də AMEA-ya olan etimadının göstəricisi olduğunu diqqətə çatdırdı. Rəhbərlik etdiyi institutun alim və mütəxəssislərini beynəlxalq konfransda fəal iştirak etməyə səslədi, onların prioritet isiqamətlərdə apardıqları elmi tədqiqatların kibertəhlükəsizlik problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Bu tədbirin yeni elmi əlaqələr qurmaq, Azərbaycanda aparılan tədqiqatları dünyaya təqdim etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və xarici həmkarlarla birgə layihələr həyata keçirmək baxımından mühüm platforma rolunu oynayacağını vurğuladı.

İnstitutun fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə çatdırılması, kütləvi informasiya vasitələri ilə münasibətlərin yüksək səviyyədə təşkilinin önəmindən söz açan R.Əliquliyev hər bir alimin elmi biliklərin peşəkar şəkildə populyarlaşdırılmasında əhəmiyyətli rola malik olduğunu söylədi. Qeyd etdi ki, alim və tədqiqatçılar konkret elmi istiqamətlər üzrə aparılan əsaslı tədqiqatlar, əldə edilən mühüm elmi nailiyyətlərlə bağlı məlumatların mediada işıqlandırılmasında fəallıq nümayiş etdirməlidir. Bu məqsədlə kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışların edilməsi, sosial şəbəkələrin, video resurslarının imkanlarından geniş istifadə olunması xüsusi əhəmiyyət kəsb edir.

AMEA-nın vitse-prezidenti qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili üçün dəstək göstərməyə hər zaman hazır olduğunu da vurğuladı.

Çıxışının sonunda akademik R.Əliquliyev “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransa hazırlıq işlərinin sürətləndirilməsini tövsiyə etdi, məsul şəxslərə bir sıra tapşırıqlar verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.