AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva bu qurumun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının elmi katibi vəzifəsinə təyin edilib.
F.Abdullayeva 1996-cı ildə Sumqayıt Dövlət Universitetinin “Kompüter texnikası və texnologiyaları” fakültəsinə “Avtomatlaşdırılmış layihələndirmə sistemləri və proqramlaşdırma” ixtisası üzrə daxil olub və 2000-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə həmin fakültənin “Avtomatlaşdırılmış layihələndirmə sistemləri və proqramlaşdırma” ixtisası üzrə magistraturasını da fərqlənmə diplomu ilə bitirib.
O, 2003-cü ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda proqramçı vəzifəsinə qəbul olunub, 2013-cü ildə bu qurumda böyük elmi işçi olub.
2010-cu ildə 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Əhali və miqrasiya” informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi metod və alqoritmlərinin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə edib və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
“Bulud texnologiyalarında identifikasiya federasiyasının dinamik idarə edilməsi metodlarının işlənilməsi” layihəsi üzrə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Əsas qrant proqramı – 2013” müsabiqəsinin qalibi olub.
F.Abdullayeva 2014-cü ildə AMEA-nın elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbul olub. 2016-cı ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dosent elmi adına layiq görülüb.
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) maliyyə dəstəyilə həyata keçirilən “Bulud texnologiyalarında identifikasiya federasiyasının dinamik idarə edilməsi metodlarının işlənməsi” qrant layihəsinə rəhbərlik edib. AR EİF, AMEA, Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu, SOCAR, “Bilateral Grants Program”, “U.S. Civilian Research & Development Foundation” tərəfindən maliyyələşdirilən qrant layihələrində də tədqiqatçı kimi fəaliyyət göstərib.
İnformasiya təhlükəsizliyi və anomaliyaların aşkarlanması sahəsində bir sıra tədqiqatlar aparıb, hazırda isə bulud texnologiyalarının kibertəhlükəsizliyi üçün metodların işlənməsi istiqamətində araşdırmaların aparılması ilə məşğuldur.
Bir neçə impakt faktorlu jurnalın rəyçi sertifikatına layiq görülüb. Beynəlxalq və respublika səviyyəli konfransların proqram və təşkilat komitəsinin üzvü olub, İnformasiya Texnologiyaları İnstitutunu bir çox beynəlxalq konfranslarda təmsil edib. Tədqiqatçı 60-dan çox elmi əsərin müəllifidir ki, onların əksəriyyəti nüfuzlu elmi jurnallarda nəşr olunub.
Hazırda 1 magistrant, 1 dissertant və 1 doktorantın dissertasiya işinə elmi rəhbərlik edir.
O, 2015-ci ildən indiyədək AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisidir.
Fərqanə xanımı institutun Dissertasiya şurasının elmi katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edir, ona fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.