İnstitutun magistraturasına cari ildə qəbul olunmuş gənclərlə görüş keçirildi

27 Sentyabr 2021 - 09:24 | Konfranslar, İclaslar
İnstitutun magistraturasına cari ildə qəbul olunmuş gənclərlə görüş keçirildi

AMEA İnformasiya Texnologiyaları İnstitutuna cari ildə qəbul olunmuş magistrantlarla tanışlıq məqsədilə onlayn görüş keçirildi. Görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, eləcə də qurumun şöbə rəhbərləri və magistrantları iştirak edirdilər.

Öncə F.Yusifov çıxış edərək, 2021-2022-ci tədris ili üzrə institutun magistraturasına “060632 – İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasının “249242 – İnformasiya mühafizəsi və təhlükəsizliyi”, “249275 – İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri”, “060509 – Kompüter elmləri” ixtisasının “249226 – Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisaslaşmaları üzrə 9 nəfərin qəbul olunduğunu diqqətə çatdırdı.

O, yeni qəbul olunmuş magistrantlar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, cari ildə Gəncə Dövlət Universitetinin bakalavrı Ayxan Məmmədov, Bakı Dövlət Universitetinin bakalavrları Nuranə XosuzadəElmurad Həsənov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavrları Ülkər Haqverdiyeva, Fatma TağıyevaFidan Xəlilova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavrı Kəmalə Salayeva, ADA Universitetinin bakalavrı Nuranə Rəfizadə, Sumqayıt Dövlət Universitetinin bakalavrı Nuranə Bahadurzadə qeyd olunan ixtisaslar üzrə institutun magistrantı adını qazanıblar.

Sonra hər bir magistrant çıxış edərək, bakalavr təhsilini aldığı ixtisas, seçdiyi elmi istiqamət, gələcək məqsədi barədə danışdı, ünvanlanan sualları cavablandırdı.

Daha sonra şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev yeni magistrantlara institutun struktur bölmələri ilə yaxından tanış olaraq, müvafiq elmi istiqamət üzrə fəaliyyət göstərən şöbə ilə əməkdaşlıq etməyi tövsiyə etdi. Rəhbərlik etdiyi şöbədə gələcəkdə fəaliyyət göstərə biləcək magistrantlar haqda fikrini bildirdi.

İnstitutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov qeyd etdi ki, hər bir şöbə rəhbəri institutda təhsil alan magistrantlarla fəal iş aparmalı, gənclərə dəstək göstərərək onları elmə həvəsləndirməlidir.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin elmi kadr hazırlığı istiqamətində təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirdi. Akademiyada hər zaman magistratura pilləsi üzrə təhsil səviyyəsinin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar mühüm addımlar atıldığını qeyd etdi.

Alim elmi kadr hazırlığının rəhbərlik etdiyi qurumun qarşısında duran əsas vəzifələrdən olduğunu bildirdi. Azərbaycan elminin innovativ inkişafına xidmət edən magistratura təhsil pilləsinin akademiyanın elmi müəssisələrində, o cümlədən institutda təşkil olunmasının gənc tədqiqatçılar üçün böyük imkanlar açdığını qeyd etdi. Akademik institutun magistrantlarının hər biri ilə fərdi qaydada iş aparıldığını, onların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün hər cür şəraitin yaradıldığını söylədi.

İnstitut direktoru magistrantlara tövsiyələr verərək, gəncləri elmi fəaliyyətlə məşğul olmağa, təhsillərini doktorantura pilləsi üzrə davam etdirməyə çağırdı. İnformasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı keçən, informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparan gənclərə ehtiyac olduğunu deyən R.Əliquliyev onlara institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı, nəzəri və texnoloji biliklərə yiyələnməyi, ictimai və akademik həyatda aktiv olmağı tövsiyə etdi.

Akademik R.Əliquliyev AMEA rəhbərliyi, institut və bu qurumun Elmi şurası adından yeni qəbul olunan magistrantları təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.