“Ağıllı kənd təsərrüfatı” layihələri işğaldan azad edilmiş ərazilərdə yüksək məhsuldarlıq vəd edir

24 İyun 2021 - 16:00 | Müsahibələr, çıxışlar
“Ağıllı kənd təsərrüfatı” layihələri işğaldan azad edilmiş ərazilərdə yüksək məhsuldarlıq vəd edir

Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda texnoloji əsaslarla şəhərsalmanın həyata keçirilməsi istiqamətində bir çox işlərə start verilib. Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndi ərazisində “ağıllı kənd” layihəsinin təməli qoyulub və tikinti işləri davam etdirilir. Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən, ilk mərhələdə 5 komponent üzrə həyata keçiriləcək “ağıllı kənd” pilot layihəsinin əsas komponentlərindən biri “ağıllı kənd təsərrüfatı” sahələridir. “Ağıllı kənd təsərrüfatı” – istehsal üçün tələb olunan insan əməyini optimallaşdırarkən məhsulların miqdarını və keyfiyyətini artırmaq məqsədilə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə edən yeni bir konsepsiyadır.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov məlumat verib. O qeyd edib ki, bitki yetişdirmə və genetika sahəsindəki inqilablardan sonra üçüncü “yaşıl inqilab” kimi hesab olunan “ağıllı kənd təsərrüfatı”nın əsasını əşyaların interneti, bulud texnologiyaları, süni intellekt, robotexnika, böyük verilənlər, dron texnologiyası və s. elementləri olan müasir texnologiyalar təşkil edir. Ənənəvi əkinçilik tarixi məlumatlara, təcrübəyə və “hiss”ə əsaslanaraq ümumi qərarlar verərək gübrələrin, suvarmanın, xəstəliklərin, pestisidlərin və məhsulun istifadəsini tənzimləyə bilirdisə, “ağıllı əkinçilik” əməliyyatları və investisiyaları optimallaşdırmaq, dəqiq və real vaxt məlumatlarını təmin etmək üçün sensorlar, GPS, xəritələr və məlumat analitikasından istifadə edir. Təsərrüfat sahələrinin bütün kritik nöqtələrində quraşdırılmış sensorlar torpaq şəraiti, hava və s. haqqında məlumat toplayır və ötürür. Toplanan məlumatlar sistem tərəfindən təhlil edilir və izlənilən obyektin və ya prosesin vəziyyəti barədə nəticələr çıxarılır. Potensial problemlər müəyyənləşdirilir. Əvvəlki addımlarda müəyyən edilmiş problemlərə əsasən, proqram platforması və ya platformanı idarə edən şəxs və yaxud da suni intellekt texnologiyalarının köməyi ilə görüləcək işlərə qərar verilir. Bu cür vasitələrlə “silahlanmış” təsərrüfat sahibləri tarlaya getmədən tablet və smartfonlardan istifadə edərək tarla şəraitini izləyə və bütün təsərrüfat və ya bir bitki üçün strateji qərarlar qəbul edə bilərlər. “Ağıllı əkinçilik” yüksək dəqiqlik və nəzarəti təmin etməklə yanaşı, suya, enerjiyə, insanların sərf etdiyi zamana, gübrələrə və s. qənaətə gətirib çıxarır.

Əkinçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də “ağıllı kənd təsərrüfatı”nın üstünlüklərindən faydalanmaq olar. Böyük təsərrüfat sahibləri mal-qaranın yerini, rifahını və sağlamlığını izləmək üçün “ağıllı” qurğulardan istifadə edirlər. Toplanan məlumatlar əsasında xəstə heyvanları müəyyənləşdirə bilirlər ki, bu da xəstəliyin yayılmasının qarşısını almaq üçün xəstə heyvanın dərhal sürüdən ayrılmasına kömək edir.

İşğaldan azad edilmiş ərazilərdə texnoloji yeniliklər əsasında “Ağıllı kənd təsərrüfatı” konsepsiyasının reallaşdırılması mövcud əkinçilik sistemlərinin struktur zəifliklərini aradan qaldırmağa, məhsuldarlığı artırmağa, xərcləri optimallaşdırmağa, rəqabətçi və davamlı nəticələr əldə etməyə imkan verəcək. Bu da gələcəkdə ölkəmizdə ərzaq təhlükəsizliyinin inkişafına böyük töhfələr verəcək.