AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi.
Seminarda şöbənin böyük elmi işçisi Könül Daşdəmirovanın “Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi” mövzusunda dissertasiya işinin A, B və C formaları müzakirə olundu.
K.Daşdəmirova çıxış edərək dissertasiya işinin qısa xarakteristikası haqqında məlumat verdi. Mövzunun aktuallığını önə çəkən tədqiqatçı hazırda insan fəaliyyətinin bütün sahələrində İKT-nin tətbiqinin sosial inkişafın vacib elementi hesab edildiyini söylədi. Qeyd etdi ki, informasiya cəmiyyətinin əsası olan məlumat və biliklər cəmiyyətin və dövlətin inkişafı üçün əsas strateji mənbəyə çevrilərək xüsusi bir status qazanır, fərdin və cəmiyyətin ümumi həyat tərzinə, qarşılıqlı münasibətlərin mahiyyətinə müsbət təsir göstərir.
O, yeni texnologiyalardan və informasiyadan insanların düşüncəsini, davranışını manipulyasiya etmək, onların mənəvi-psixoloji sağlamlığına zərər vurmaq üçün də istifadə edildiyini, kibercinayətkarlıq, kiberterrorizm, informasiya müharibəsi təhlükələrinin artdığını diqqətə çatdırdı. Bu səbəbdən informasiya təhlükəsizliyinin milli təhlükəsizlik sisteminin ən mühüm komponentlərindən birinə çevrildiyini dedi.
Məruzəçi dissertasiya işinin əsas məqsədinin milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi olduğunu bildirdi.
Tədqiqat işində qarşıya qoyulmuş məsələlərdən söz açan K.Daşdəmirova, buraya informasiya cəmiyyəti mühitində informasiya təhlükəsizliyi problemlərinin analizi, şəbəkələşmiş cəmiyyətin İnternet sosio-texnoloji problemləri və onların təhlili, informasiya təhlükəsizliyinə yönəlmiş mənbələrin tədqiqi, cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi və s. aid olduğunu nəzərə çatdırdı.
Məruzəçi tədqiqat işi çərçivəsində çap olunmuş, eyni zamanda hazırlanma mərhələsində olan məqalə və tezislər barədə məlumatları da seminar iştirakçılarının diqqətinə çatdırdı.
Sonda müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi. Növbəti seminarda dissertasiya işinin strukturu və tədqiqat zamanı istifadə olunacaq texnologiyalara dair müzakirələrin aparılması qərara alındı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.