Prezident İlham Əliyevin uzaqgörən təşəbbüsü nəticəsində ölkəmiz Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzə çevrilməkdədir. Dövlətimizin başçısının 2021-ci il 6 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Aprelin 19-da isə Azərbaycan Prezidenti “Ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb. İşğaldan azad edilmiş ərazilərimizdəki yaşayış məntəqələrinin də Dördüncü Sənaye İnqilabının əsas trendlərindən olan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında bərpa olunacağını Prezident İlham Əliyev çıxışlarında bəyan edibdir: “Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik”.
Artıq bu istiqamətdə bir sıra işlərə start verilib. Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndlərinin ərazisində “ağıllı kənd” layihəsinin təməli qoyulub və tikinti işləri davam etdirilir.
Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini Şakir Mehdiyev AZƏRTAC-a açıqlamasında bildirib. O deyib ki, qabaqcıl informasiya texnologiyaları şirkətlərinin proqnozlarına əsasən, 2025-ci ilədək dünyada azı 90-100 “ağıllı şəhər” olacaq. Onun 50-dən çoxunun isə Asiya ölkələrində yaradılacağı gözlənilir.
İnsanların rahat yaşamasına hesablanan, iqtisadi, sosial və ekoloji cəhətdən səmərəli və dayanıqlı olan “ağıllı şəhər” və “ağıllı kənd” modelini gerçəkləşdirmək üçün innovativ informasiya və kommunikasiya texnologiyalarından istifadə edilir. Məsələn, vətəndaşların zəruri problemlərinin həlli üçün elektron xidmətlər, kommunal sahələr üzrə tədbirlərin təqvimi, mənzillərin icarəsi üçün platforma, elektron səyahət kartı, logistik xidmətlərin intellektuallaşması və s. “ağıllı şəhər”in elementləridir.
“Ağıllı şəhər”in bünövrəsini Dördüncü Sənaye İnqilabının trendləri olan qabaqcıl texnologiyalar, o cümlədən əşyaların interneti, bulud texnologiyaları, süni intellekt, robot və kobotlar, böyük verilənlər və s. təşkil edir. Bu texnologiyaların səmərəli və etibarlı işləməsi enerji təminatından asılıdır. Hazırda dünyada bütün ölkələrin hökumətləri qarşısında böyük bir problem var: şəhər infrastrukturunu səmərəli enerji mənbələri ilə necə təmin etmək və ətraf mühitə zərər verməmək. Çünki ekoloji vəziyyət bütün vətəndaşların həyat keyfiyyətinə birbaşa təsir edir. Bu məqamda yaşıl enerji mənbələrinin səmərəliliyinin artdığını və şərti kilovat-saatın qiymətinin durmadan azaldığını vurğulamaq vacibdir. Bir çox ölkələr günəş və küləyi perspektivli enerji mənbələri kimi görürlər. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli Sərəncamının icrası müvafiq sahədə görülən işlərə geniş imkanlar yaradır.
Biz yaxın gələcəkdə həmin ərazilərdə bütün dünya üçün örnək olan “ağıllı şəhər” və “ağıllı kənd” nümunələrini görəcəyik.