Pandemiya dövründə İKT-nin cəmiyyətdə rolu ilə bağlı müzakirələr aparılıb

12 May 2021 - 11:15 | Konfranslar, İclaslar
Pandemiya dövründə İKT-nin cəmiyyətdə rolu ilə bağlı müzakirələr aparılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında 18 saylı şöbənin əməkdaşı Zümrüd Mahmudovanın məruzəsi dinlənilib.

“Pandemiya dövründə İKT-nin cəmiyyətdə rolu” mövzusunda məruzəni təqdim edən Z.Mahmudova hazırda dünyanı cənginə almış koronavirus bəlasından söz aşıb. Bildirib ki, dünya yarandığından bu günədək insanlar müharibələr, xəstəliklər, viruslarla üz-üzə qalmışlar. Belə çətin zamanda insanlar çıxış yolu tapmağa çalışmış və elmin, təhsilin hesabına nailiyyətlər əldə etmişlər.

O, yeni növ koronavirus infeksiyasının dünyada pandemiya dövrünü başlatdığını, yaşanan bu çətin dövrün indiyədək əldə olunan nailiyyətləri sınaqdan keçirmək üçün fürsət yaratdığını söyləyib. Qeyd edib ki, bu gün informasiya və kommunikasiya texnologiyaları (İKT) hər bir sahədə istifadə olunur. İnsanlar təhsildən əyləncəyə qədər bütün həyatlarını İKT-nin yaratdığı imkanlardan istifadə etməklə qurmağa çalışırlar. 

Azərbaycanda insanların İKT-yə olan tələbatının daha da artdığını söyləyən məruzəçi pandemiya ilə əlaqədar məhdudlaşdırıcı addımlardan olan təhsil müəssisələrinin bağlanmasının distant təhsildən istifadənin vacibliyini ortaya çıxardığını diqqətə çatdırıb: “İndiyədək Azərbaycan üçün real görünməyən tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunan bu fоrması ilə az qala hər bir ailə tanış oldu. Lakin yenilik olduğu və pərakəndə şəkildə həyata keçirildiyi üçün distant tədris formasının az effektli olduğunu düşünənlər də oldu. Lakin qısa müddət ərzində Təhsil Nazirliyi bu sahədə yeni addımlar ataraq, televiziya kanalları vasitəsilə teledərslər yayımlamağa başladı”.

Məruzəçi Azərbaycan dövlətinin uzun illər İKT sahəsində apardığı ən əsas işlərdən olan “Elektron Hökumət” portalı haqqında seminar iştirakçılarına məlumat verərək bildirib ki, “Elektron Hökumət”in əsas məqsədi dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. 

Onun sözlərinə görə, Azərbaycanda karantin rejiminə görə müvəqqəti olaraq fəaliyyətini dayandırmış mədəniyyət ocaqlarının – muzeylərin, teatrların, sərgi salonlarının, mədəniyyət evlərinin, musiqi məktəblərinin, konsert zallarının öz tədbirlərini onlayn şəkildə təqdim etməsi də təqdirəlayiq hallardan hesab oluna bilər.

Z.Mahmudova bildirib ki, bəzi mədəniyyət ocaqlarının bu sahədə müəyyən təcrübəsi var idi. Məsələn, Azərbaycanda kitabxana sahəsində elektronlaşmanın on ildən çox yaşı olsa da indiyədək belə populyarlıq qazanmamışdı. Bu dövrdə mobil operatorlar da güclü fəaliyyətləri sayəsində insanlar bir çox işlərini internet vasitəsilə rahat formada yerinə yetirə bildilər.

Mövcud vəziyyət elektron ticarəti daha da önə çəkmiş oldu. Azərbaycanın “Amazon”u hesab ediləcək vahid elektron ticarət (E-commerce) platforması yaradıldı. Burada fəaliyyət növündən asılı olmayaraq yerli şirkətlər üçün aşağı qiymətlərlə elektron satışı həyata keçirmək mümkündür.

Bu gün ayrı-ayrı qurumların sosial şəbəkələrdə aktivliyi də İKT-nin inkişaf göstəricisidir. Artıq həm dövlət, həm də özəl sektorda çalışan qurumlar sosial şəbəkələrdə təsdiqlənmiş rəsmi səhifəyə sahib olmaq, vətəndaşlarla bu səhifələr vasitəsilə ünsiyyət qurmaq istəyirlər. Pandemiya dövründə insanlar mağazaların sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə onlayn ticarətə üstünlük verir.

Bundan əlavə, Çində həkimlərlə koronavirus xəstələri arasındakı təması minimuma endirmək üçün xəstələrə qulluq edən robotlar yaratdılar. Həmin robotlar xəstələrə vaxtı-vaxtında dərmanlarını verir, lazımi qulluqlarını edirlər. Həmçinin Çində küçələri dezinfeksiya etmək üçün də robotlardan istifadə edilməyə başlandı.

“İnternetdən istifadə etməklə bir çox işlərin yerinə yetirilməsi asanlaşdı. Ancaq bu zaman insanlarda internet asılılığı daha da qabarıq şəkildə büruzə verdi, - deyə məruzəçi əlavə edib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.