AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirildi. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev tədbirin OLAP-texnologiyalarının tətbiqi ilə e-demoqrafiya mühitində çoxölçülü verilənlərin operativ analizi məsələləri haqqında müzakirələrə həsr olunduğunu dedi.
Məruzəni təqdim edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova bildirdi ki, ölkədəki demoqrafik vəziyyətin yaxşılaşdırılması məqsədilə düşünülmüş demoqrafik siyasətin aparılması hər bir dövlət üçün vacib vəzifələrdən biridir. Demoqrafik siyasət əhalinin ömrünün uzadılması, doğum artımı, xəstələnmə və ölüm səviyyəsinin azalması, həm daxili, həm də xarici miqrasiyanın tənzimlənməsi kimi problemlərin həllini əhatə edir.
Elektron demoqrafiyanın əsas problemlərindən söz açan məruzəçi yeni verilənlər mənbələrinin daim təmin edilməsi zəruriyyətinin olduğunu, bu səbəbdən verilənlərin miqdarının artdığını qeyd etdi. Demoqrafik proseslərin daha dərindən öyrənilməsi üçün bu verilənlərdən səmərəli istifadənin vacibliyini vurğuladı.
G.Nəbibəyova demoqrafiyanın sahələri və onların göstəriciləri barədə məlumat verərək söylədi ki, demoqrafik tədqiqatlar obyektini əhali təşkil edir. Demoqrafik tədqiqatlara əhalinin sayı, tərkibi və s. aiddir. Bu xüsusiyyətlərə sosial, iqtisadi, bioloji, siyasi, etnik, coğrafi, hərbi, tarixi və digər amillər əsasında dəyişmə qanunauyğunluqları daxildir. Demoqrafiyada insan bir vahid kimi qəbul olunur.
O, demoqrafiyanın sosiologiya, statistika, iqtisadiyyat, ekologiya, coğrafiya və digər elmlərlə əlaqəsi olduğunu diqqətə çatdırdı. Bildirdi ki, demoqrafiyanın sahələrinə deskriptiv və ya təsviri demoqrafiya, demoqrafik ekologiya və ya ekodemoqrafiya, iqtisadi demoqrafiya, etnodemoqrafiya, siyasi demoqrafiya və s. aiddir.
“OLAP Verilənlər Anbarının (VA) elementi olduğundan, ilkin məsələ - VA-nın arxitekturasının işlənilməsidir” - deyən tədqiqatçı əlavə etdi ki, VA-nın arxitekturası seçilmiş sferanın xüsusiyyətlərindən asılıdır. Qərarların qəbulunu dəstəkləyən e-demoqrafiya sisteminin VA-nın arxitekturasını qurarkən bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır.
O, qərarların qəbulunu dəstəkləyən (QQD) e-demoqrafiya sisteminin formalaşdırılması məsələlərindən söz açaraq tədqiq olunan məsələdə Big Data-nın əsas müəyyənedici xüsusiyyətlərinə (həcm, sürət, müxtəliflik, dəyişkənlik, vizuallaşdırma və s.) rast gəlindiyini qeyd etdi. Bildirdi ki, demoqrafiyanın bir neçə sahəsinin mövcudluğu səbəbindən çox sayda göstərici olduğunu nəzərə alaraq bu sistemin VA-nın arxitekturası qismində bir-birilə əlaqəli verilənlər vitrinlərinin (VV) çoxluğu seçilib.
Məruzəçinin sözlərinə görə, VV-dən istifadə nəticələrin daha sürətli generasiyasını təmin edir ki, bu da arxitektur verilənlərin paylanması deməkdir və paylanmış paralel verilənlərin işlənməsini nəzərdə tutur. Paylanmış paralel verilənlərin işlənməsi “Hadoop” layihəsinə əsaslanır.
O, həmçinin QQD E-Demoqrafiya Sisteminə daxil edilmiş polikubik OLAP modelini təqdim etdi.
Azərbaycanda demoqrafiya sahəsində dövlət siyasətindən söz açan G.Nəbibəyova ölkə Prezidenti İlham Əliyevin e-demoqrafiya ilə bağlı imzaladığı çoxsaylı fərman və sərəncamları seminar iştirakçılarının nəzərinə çatdırdı.
Şöbə müdiri tədqiqatın nəticələri haqqında məlumat verərək effektiv demoqrafik siyasətin e-dövlət sisteminin ayrılmaz hissəsi olduğunu söylədi. Qeyd etdi ki, bunu həyata keçirmək üçün müxtəlif dövlət reyestrlərindən istifadə edərək mövcud demoqrafik durumun qiymətləndirməsi, təhlil və düzgün qərarların qəbul edilməsi üçün sistemlərin yaradılması zəruridir. Məruzədə demoqrafik siyasətin həyata keçirilməsi üçün VA və OLAP daxil olmaqla QQD e-demoqrafiya Sisteminin istifadəsinin məqsədəuyğunluğu və effektivliyi göstərilib.
Məruzəçi bildirdi ki, VA və OLAP-ı özündə cəmləşdirən QQD e-demoqrafiya sistemi insan resurslarının proqnozlaşdırılmasında hədəflərə çatmağa, eləcə də gələcək iqtisadi və sosial inkişafın strateji istiqamətlərini müəyyənləşdirməyə kömək edəcək.
Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.
Akademik Rasim Əliquliyev e-demoqrafiya mühitində çoxölçülü verilənlərin analizinin müasir dövrdə böyük aktuallıq kəsb etdiyini qeyd edərək, müvafiq istiqamətlərdə araşdırmaların daha da dərinləşdirilməsi ilə bağlı tövsiyələr verdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.