AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin “İslahatlar şəraitində elmi-tədqiqat fəaliyyətinin yeni xüsusiyyətləri, vəzifələri və prioritetləri” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.
Əvvəlcə şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev çıxış edərək bu məsələnin müasir dövrdə böyük aktuallıq kəsb etdiyini qeyd etdi. O, elmi fəaliyyət sahəsində dövlət siyasətinin prioritetləri olan elmi və innovasiya potensialından səmərəli istifadənin təmin edilməsi və gücləndirilməsi, innovasiya və yeni elmi nəticələrin əldə olunmasının təmin edilməsi, elmi fəaliyyətin dünya standartlarına uyğunlaşdırılması, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi, elmin davamlı və sistemli inkişafının təmin edilməsi məsələləri haqqında məlumat verdi. Elmi-tədqiqat fəaliyyətinin prioritet məsələlərinin əhəmiyyətini vurğuladı.
Sonra məruzəni şöbənin əməkdaşı, böyük elmi işçi Roza Şahverdiyeva davam etdirərək qeyd etdi ki, elm hadisələrin və gerçəkliyin mahiyyəti haqqında obyektiv biliklərin və informasiyaların əldə edilməsi, toplanması, sistemləşdirilməsi, işlənməsi, yayılması və tətbiqindən ibarət olan insan fəaliyyəti sahəsidir. Elmi-tədqiqat fəaliyyəti isə yeni biliyin alınması və tətbiqinə yönələn insanların fəaliyyətidir. Elmi fəaliyyət elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesidir.
R.Şahverdiyeva elmi-tədqiqat fəaliyyətinin istiqamətləri, elmi müəssisələr və təşkilatların fəaliyyət və inkişaf istiqamətləri, elmin inkişaf prioritetləri haqqında məlumat verdi. O, elmi fəaliyyət subyektləri, fundamental və tətbiqi elmi tədqiqatlar, eksperimental tədqiqatlar, elmi fəaliyyətin növləri və istiqamətləri, elmşünaslıq, elmi fəaliyyətin subyektləri və iştirakçıları, elmi strukturlar, institutlar, müəssisə və təşkilatlar və s. haqqında ətraflı məlumat verdi.
Məruzəçi elmin inkişafının əsas məqsədi və vəzifəsini, elmi fəaliyyət sahəsində dövlətin əsas vəzifələrini, elm haqqında ölkə qanunvericiliyinin əsaslarını şərh etdi. Elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsiplərini, AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf Proqramının əsasları və fəaliyyət istiqamətlərini, elmi infrastrukturun modernləşdirilməsini, elm, təhsil və iqtisadiyyatın inteqrasiyası istiqamətlərini, elmi etika və əqli mülkiyyət hüququnun qorunması, elmi fəaliyyətin informasiya təminatı məsələlərinin müasir dövr üçün əhəmiyyət kəsb etdiyini bildirdi.
R.Şahverdiyeva elmi fəaliyyətin informasiya təminatının təkmilləşdirilməsi üçün elmi-texniki informasiyalara sərbəst çıxışın əldə olunması, informasiya mübadiləsinin həyata keçirilməsi, informasiya mərkəzləri, fondlar və sistemlərin yaradılması, elmi fəaliyyət subyektlərinin elm, texnika, beynəlxalq innovasiya informasiya fondları və mərkəzləri ilə əlaqələrin qurulmasının əhəmiyyətini qeyd etdi. Həmçinin elmi-innovativ nəticələrin çap olunması, nüfuzlu xarici elmi jurnallar, kitab və digər elmi-texniki materialların əldə edilməsinə şəraitin yaradılması, elmi arxivlərin maddi-texniki baza və infrastrukturunun yaradılması, elmi informasiya bankından səmərəli istifadə edilməsi və s. kimi işlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırdı.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
Sonra dosent Ə.Əliyev bu istiqamətdə aparılan araşdırmaların, elmi-tədqiqat fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılmasının daha da dərinləşdirilməsinin vacibliyini qeyd edərək təklif və tövsiyələrini səsləndirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.