Big Data məlumatları üzərində aparılan əməliyyatlarla bağlı seminar keçirildi

19 Fevral 2021 - 12:20 | Konfranslar, İclaslar
Big Data məlumatları üzərində aparılan əməliyyatlarla bağlı seminar keçirildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirildi. “Big Data məlumatları üzərində əməliyyatların xülasəsi” (“Review of processing Big Data”) mövzusunda məruzə “Zoom Meeting” proqramı vasitəsilə dinlənildi. 

İnstitutun dissertantı Tural Bədəlov məruzəni təqdim edərək öncə Big Data-nın xarakteristikaları haqqında məlumat verdi. Buraya həcm (Volume), sürət (Velocity), müxtəliflik (Variety), dəqiqlik (Veracity), dəyər (Value), vizuallaşdırma (Visualization), dəyişkənlik (Variability) və s. aid olduğunu söylədi.

Məruzəçi tədqiqat zamanı Böyük ölçülü verilənlər ilə bağlı iki əsas məsələyə diqqət çəkdi: emal prosesinə sərf olunan zaman və yaddaş problemi. Daha sonra bu məsələlərin həlli üçün təklif olunan ən məşhur texnologiyalardan hesab olunan “Apache Spark” və “MapReduce” proqramlaşdırma mühitlərinin tətbiqləri ilə bağlı seminar iştirakçılarını məlumatlandırdı.

Tədqiqatçı hər iki proqramın üstün və çatışmayan cəhətləri, əsas xüsusiyyətləri və istifadə qaydalarını diqqətə çatdırdı, onların müqayisəli təhlilini nümunələrlə təqdim etdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzu ilə bağlı fikirlərini bölüşdü, müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi və elmi məqalənin hazırlanmasını tövsiyə etdi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.