AMEA İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsinin 2021-ci il üzrə fəaliyyət planı onlayn formada müzakirə edildi.
Şöbə müdiri Anar Səmidov öncə cari ildə aparılacaq elmi-tədqiqat işləri haqqında məlumat verərək bildirdi ki, İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı araşdırmalar cari ildə də davam etdiriləcək. Mövzu çərçivəsində onlayn reklam marketinq sahəsi üzrə araşdırmaların aparılması, ölkədaxili və beynəlxalq təcrübə, eləcə də COVID-19 pandemiyasının dünya üzrə marketinq sahəsinə təsirinin öyrənilməsi nəzərdə tutulur.
Multimedia Qalereyasının fəaliyyəti haqqında danışan məruzəçi bildirdi ki, AMEA-da keçirilən müxtəlif tədbirlərdən çəkilmiş foto və video materiallar bazaya yerləşdirilir. Bununla yanaşı, lazım olan məlumatları tapmaq üçün bazada ətraflı axtarış sistemi mövcuddur.
Sonra məruzəçi “Fraktal qrafikanın tətbiq sahələri və inkişaf perspektivləri” mövzusu üzrə görüləcək işlərdən bəhs etdi. Fraktal həndəsənin kompüter dizaynında tətbiqi və perspektivləri, qədim sənət nümunələrində fraktalların rolu, fraktal qrafika və onun tətbiq sahələri üzrə araşdırmaların aparılmasının cari ildə görüləcək işlər sırasında olduğunu söylədi.
O qeyd etdi ki, 2021-ci ildə 3D sənayesi və çap texnologiyaları istiqamətində 3D çap texnologiyalarının müasir istehsala təsiri, bu texnologiyaların təhsildə tətbiqi ilə bağlı araşdırmalar da aparılacaq.
Sonra A.Səmidov şöbədə elmi-innovasiya fəaliyyəti çərçivəsində həyata keçiriləcək işlərdən söz açaraq qeyd etdi ki, cari il ərzində şöbədə kompüter qrafikası və dizaynı, multimedia resursları, nəşriyyat və poliqrafiya xidməti üzrə müvafiq işlərin görülməsi planlaşdırılır.
O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək tədbirləri diqqətə çatdırdı.
Sonda fəaliyyət planına dair müzakirələr aparıldı.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi.
Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.