AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin 2021-ci il üzrə fəaliyyət planı onlayn formatda müzakirə olundu.
Planı təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev bildirdi ki, rəhbərlik etdiyi şöbədə cari ildə böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması, e-elmin formalaşması, natamam informasiya şəraitində idarəetmə, identifikasiya problemləri üzrə tədqiqatlar aparılacaq.
Alimin sözlərinə görə, qeyd olunan elmi araşdırma istiqamətləri çərçivəsində “Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün klasterləşdirmə alqoritmlərinin işlənilməsi”, “Python mühitində böyük həcmli məlumatların klasterləşdirilməsi üçün DBSCAN alqoritminin modifikasiyalarının işlənilməsi”, “Python mühitində k-means alqoritminin modifikasiyasının işlənilməsi”, “Klasterləşdirmənin keyfiyyətinin qiymətləndirilməsi indekslərinin araşdırılması və onların müqayisəli təhlili”, “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi”, “Natamam informasiya şəraitində texniki sistemlərin intellektual idarə edilməsinin metod və alqoritmlərinin yaradılması”, “Maye dempferli rəqsvari sistemlərin hərəkətinin diskret modelinin qurulması” və s. mövzuları tədqiq olunacaq.
Elmi-innovasiya fəaliyyətindən söz açan R.Alıquliyev “Big data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması metodları və alqoritmlərinin işlənilməsi” mövzusu üzrə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi müsabiqədə qalib gələn qrant layihəsi üzrə tədqiqatların aparılacağını diqqətə çatdırdı. Qeyd etdi ki, “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” mövzusu isə AMEA Rəyasət Heyətinin maliyyələşdirdiyi prioritet elmi-tədqiqat proqramı kimi dərindən araşdırılacaq.
Məruzəçi bildirdi ki, il ərzində aparılacaq elmi-tədqiqat işləri ilə yanaşı, şöbə əməkdaşlarının müxtəlif beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlarda iştirakı, eləcə də “Web of Science”, “Scopus” və digər elmi bazalarda (EBSCO, DBLP, ACM, Google Scholar və s.) indeksləşən jurnallarda elmi məqalələrinin nəşr etdirilməsi nəzərdə tutulur.
O, həmçinin şöbə əməkdaşlarının, doktorant, dissertant və magistrantların cari il ərzində keçirəcəkləri elmi seminarlar haqqında da məlumat verdi.
Şöbə müdiri beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına dair görüləcək tədbirlərdən söz açaraq, bu məqsədlə şöbənin Avstraliya Federasiya Universiteti və dünya elmi mərkəzləri, eləcə də ali məktəbləri ilə elmi əlaqələrini davam etdirəcəyini nəzərə çatdırdı.
Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim tədqiqatların daha da dərinləşdirilməsini, şöbənin elmi-nəzəri fəaliyyətinin gücləndirilməsini tövsiyə etdi və kadr potensialının artırılmasının vacibliyini vurğuladı.
Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı təsdiq olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.