AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında 11 saylı şöbənin 2021-ci il üzrə fəaliyyət planı müzakirə olundu. Şöbə müdiri Şakir Mehdiyev planı təqdim edərək bildirdi ki, informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi üzrə işlər bu il də müxtəlif istiqamətlərdə davam etdiriləcək.
Şöbə rəhbərinin sözlərinə görə, 2021-ci ildə kiberfiziki sistemlərin texniki vəziyyətinin monitorinqi və intellektual analizi problemlərinin araşdırılması mövzusu çərçivəsində texniki xidmətin intellektual analizi texnologiyalarının tədqiqi məsələləri və Maintenance 4.0: mövcud vəziyyəti və problemləri ilə bağlı tədqiqatların aparılması planlaşdırılır.
Sonra məruzəçi cari il ərzində şöbədə elmi-pedaqoji və elmi təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği, tanınmış elmi jurnallarda məqalələrin nəşr olunması, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak çərçivəsində görüləcək işlər haqqında məlumat verdi.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək kiberfiziki sistemlərin texniki vəziyyətinin monitorinqi və intellektual analizi problemlərinin müasir dövrdə aktuallıq kəsb etdiyini söylədi. Alim bu istiqamətdə tədqiqatların davam etdirilərək, məqalələrin hazırlanması və nüfuzlu jurnallarda çap olunmasının vacibliyini qeyd etdi.
Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.