İnstitutun şöbə müdiri beynəlxalq onlayn elmi seminarda çıxış edib

10 Fevral 2021 - 09:53 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev 8 fevral  2021-ci il tarixdə  Moskvada  Rusiya EA  İdarəetmə Problemləri İnstitutunun təşkilatçılığı  ilə “İnformasiya iqtisadiyyatı və innovasiyaların idarə edilməsi” mövzusunda  keçirilən onlayn elmi seminarda iştirak edib. 

Elmi seminarda ümumən informasiya iqtisadiyyatı, institusional iqtisadiyyat, təkamül iqtisadiyyatı məsələləri və digər iqtisadi nəzəriyyə istiqamətləri də daxil olmaqla müasir iqtisadi elm və praktikanın aktual problemləri müzakirə olunub. Müzakirələrdə texnologiya və informasiya məhsulları bazarı, iqtisadi artım və innovasiya, informasiyanın istehsalı və iqtisadi dinamika, insan kapitalının formalaşması və istifadəsi, milli və regional innovasiya sistemləri, dövlətin elmi və texniki siyasəti, innovasiya proseslərinin modelləşdirilməsi və s. kimi məsələlərə baxılıb. 

Seminarda Rusiya EA  İdarəetmə Problemləri İnstitutunun “İqtisadi dinamika və innovasiyanın idarəetməsi” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, prof. Robert Mixayloviç Nijeqorodtsevin “İqtisadi siyasətdə elmin rolu və “üçqat spiral” konsepsiyası” mövzusunda geniş məruzəsi dinlənilib.

Prof. R.M. Nijeqorodtsev məruzəsində dövlət-elm-biznes qarşılıqlı əlaqələrinin yaxşılaşdırılmasına olan müxtəlif baxışlardan, nəzəriyyə və konsepsiyalardan danışıb. Elmin iqtisadi inkişafda aparıcı rola malik olmasının əhəmiyyətini izah edib.

Elmi seminardakı müzakirələrdə çıxış edən dosent Əlövsət Əliyev həm seminarın əsas mövzusuna aid, həm də ölkəmizin həyatında elmin rolu haqqında danışıb. O, iqtisadi inkişafda elmin aparıcı rolunun təmin olunmasıyla yanaşı olaraq beynəlxalq səviyyəli nəşrlər sahəsində müəyyən ziddiyyətli hallardan da söz açıb.

Ə.Əliyev seminar iştirakçılarına ölkəmizdəki elmin inkişaf strategiyası,  qarşıdakı beşillik dövrdə elmi prioritetlərimiz haqqında məlumat verib, eləcə də dövlət-elm-biznes triadasındakı mövcud problemlər və onların həll yolları barədə fikirlərini bölüşüb.

Sonda məruzəçi sualları cavablandırıb. Seminar  iştirakçıları institutlararası beynəlxalq əlaqələrin inkişaf  etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Qeyd edək ki, elmi seminarın materiallarının Rusiyanın aparıcı elmi jurnallarında, habelə elmi məqalələr və kollektiv monoqrafiyalar toplusunda dərc olunması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.