Industry 4.0 həlləri əsasında vətəndaş elminin inkişaf perspektivləri tədqiq olunacaq

06 Fevral 2021 - 14:25 | Konfranslar, İclaslar
Industry 4.0 həlləri əsasında vətəndaş elminin inkişaf perspektivləri tədqiq olunacaq

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin 2021-ci il üzrə fəaliyyət planı müzakirə olundu. Şöbə müdiri Təhmasib Fətəliyev çıxış edərək bildirdi ki, informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi istiqamətində e-elm və elmmetriya problemlərinin tədqiqi üzrə işlər bu il də davam etdiriləcək.

Şöbə rəhbərinin sözlərinə görə, “Science 4.0-ın müasir vəziyyəti, problemləri və perspektivlərinin tədqiqi” mövzusu çərçivəsində Industry 4.0 kontekstində elmi fəaliyyətin və elmin idarə olunmasının formalaşdırılması məsələlərinin tədqiqi, elmin Science 4.0 əsasında qurulmasının konseptual məsələlərinin işlənməsi və Science 4.0 çərçivəsində süni intellektin tətbiqi məsələlərinin və perspektivlərinin araşdırılması nəzərdə tutulur. O, qeyd etdi ki, şöbədə həmçinin “Vətəndaş elmi”nin tədqiqi üzrə işlərin davam etdirilməsi və “Industry 4.0 həlləri əsasında vətəndaş elminin inkişafı perspektivlərinin tədqiqi” planlaşdırılır.

Məruzəçi, cari il ərzində şöbədə elmi-pedaqoji və elmi təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında məlumat verdi.

Beynəlxalq əməkdaşlıq münasibətlərindən söz açan məruzəçi, Belarus Milli Elmlər Akademiyası Birləşmiş İnformatika Problemləri İnstitutu və İstanbul Haliç Universiteti ilə əməkdaşlıq əlaqələrinin bu il də davam etdiriləcəyini bildirdi.

Sonda AMEA-nın vitse prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Industry 4.0 çağırışlarının digər sahələrdə olduğu kimi elmdə də xüsusi əhəmiyyət daşıdığını, bu kontekstdə  elmi fəaliyyətin və elmin idarə olunmasının Science 4.0 əsasında qurulması üzrə tədqiqatların müasir dövrdə böyük aktuallıq kəsb etdiyini qeyd etdi və araşdırmaların dərinləşdirilməsinin vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.