Bu barədə Mədinə Səidova rəhbərlik etdiyi şöbənin illik hesabat iclasında məlumat verib. Onun sözlərinə görə, uzun müddətdir ki, institutda Elektron Kitabxana Mərkəzinin layihəsinin hazırlanması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Hazırda e-kitabxana mərkəzinin intellektual informasiya xidməti sisteminin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Sistemin AscienceNet elm kompüter şəbəkəsində yerləşdirilməsi və dünyanın aparıcı e-kitabxanalarına inteqrasiya edilməsi, həmçinin e-kitabxananın şəbəkə infrastrukturunun yaradılması görüləcək işlər sırasındadır.
M.Səidova bildirib ki, kitabxananın dünya standartlarına cavab verən ən müasir texniki avadanlıqlarla təchiz olunması nəzərdə tutulur. Mərkəzin strukturuna kitab fondu, oxu zalı, texniki xidmət, server otağı və s. daxil olacaq.
Bundan əlavə, məruzəçi informasiya texnologiyaları istiqamətində informasiya resurslarının formalaşdırılması və yadda saxlanılması problemləri, intellektual elektron kitabxana şəbəkələri, bibliometriyanın yaranması, inkişaf mərhələləri, müasir vəziyyəti və həll perspektivlərinə dair aparılan elmi-tədqiqat işlərinin icra vəziyyəti ilə bağlı məruzə edib.
Şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti haqqında məlumat verərək beynəlxalq elmi-texniki cəmiyyətlərə və rəqəmsal kitabxanalara üzvlüklə əlaqədar aparılan işlərdən söz açıb. Bildirib ki, “İntellektual kütləvi informasiya xidməti sistemi”nin təkmilləşdirilməsi və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzvlüklə əlaqədar işlər davam etdirilir.
O, AMEA İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının 2001-2011-ci illərdə çap olunmuş elmi əsərlərinin annotasiyalı biblioqrafik göstəricisini təqdim edib.
Həmçinin şöbə əməkdaşlarının elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirakı, tanınmış elmi jurnallarda məqalələrinin nəşri, elmi-təşkilati fəaliyyəti və digər cari işləri diqqətə çatdırıb.
Hesabat Elmi şura tərəfindən yüksək qiymətləndirilib.