E-demoqrafiya mühitində OLAP texnologiyasının tətbiqi istiqamətində model təklif edilib

20 Noyabr 2020 - 11:32 | Konfranslar, İclaslar
E-demoqrafiya mühitində OLAP texnologiyasının tətbiqi istiqamətində model təklif edilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin 2020-ci il üzrə hesabatı onlayn formada dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova cari ildə görülmüş işlər haqqında məlumat verdi.

Məruzəçi öncə şöbədə elektron demoqrafiya mühitində OLAP texnologiyasının tətbiqi istiqamətində modelin təklif edildiyini, eyni zamanda alternativlərin cüt müqayisə alqoritmindən istifadə etməklə veb-saytların çoxkriteriyalı qiymətləndirilməsinin aparıldığını bildirdi. Şöbə müdiri hesabat ilində terminoloji informasiya sistemi çərçivəsində dinamik proseslərin modelləşdirilməsi istiqamətində araşdırmaların, həmçinin mətnlərdən terminlərin avtomatik çıxarılması metodlarının müqayisəli analizinin aparıldığını qeyd etdi. Cari ildə veb-spamlarla mübarizə üçün link analizə əsaslanan metodların işlənildiyini, çoxdilli internetdə Azərbaycan qrafikasının digər dillərin qrafikalarına transliterasiyası problemlərinin araşdırıldığını, həmçinin müvafiq şəxs və yer adlarının transliterasiyası üçün müxtəlif yanaşmaların və metodların müqayisəli analizinin aparıldığını nəzərə çatdırdı. Şöbə müdiri, həmçinin internet sosiologiyasının müasir vəziyyəti və problemləri istiqamətində tədqiqatların həyata keçirildiyini bildirdi.

G.Nəbibəyova  diqqətə çatdırdı ki, şöbədə qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri araşdırılmış və bir sıra təkliflər işlənilmişdir, eyni zamanda Milli Toponimik Geoinformasiya Sisteminin yaradılması istiqamətində müəyyən işlər görülmüşdür.

Məruzəçi hesabat ilində şöbə əməkdaşı tərəfindən “Veb-sayt analitikası alətlərinin analizi və effektivliyinin qiymətləndirilməsi” mövzusunda magistrlik dissertasiyasının müdafiə olunduğunu da qeyd etdi.

Elmi-innovasiya fəaliyyətindən bəhs edən məruzəçi cari ildə şöbə əməkdaşları tərəfindən yaradılan www.transliterasiya.az saytının təqdimatının keçirildiyini,  həmçinin AzScienceNet Elm Kompüter Şəbəkəsinin Data Mərkəzində yerləşdirilən veb-saytlara fasiləsiz olaraq dəstək göstərildiyini bildirdi.

G.Nəbibəyova şöbə əməkdaşlarının elmi-texniki konfranslar və simpoziumlarda 2 məruzəylə iştirak etdiyini və tanınmış elmi jurnallarda 4 məqalənin dərc edildiyini, daha 2 məqalənin isə beynəlxalq bazalarda indeksləşən jurnallarda rəy mərhələsində olduğunu bildirdi.

Alim şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği və beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər haqqında da ətraflı məlumat verdi.

Məruzə ilə bağlı fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi, suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev hesabata dair fikirlərini bölüşərək yerinə yetirilən elmi tədqiqatları yüksək qiymətləndirdi, növbəti illərdə e-demoqrafiya mühitində qərarların qəbul edilməsini dəstəkləyən sistemin işlənilməsi, Milli Terminoloji İnformasiya Sisteminin işinin təşkili və idarə olunması məsələlərinin, veb-spamlarla mübarizə texnologiyaları və metodlarının daha dərindən araşdırılmasını tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.