AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin müdiri Mədinə Səidova rəhbərlik etdiyi şöbənin cari il üzrə hesabatını təqdim etdi. Şöbədə aparılan elmi-tədqiqat işlərindən söz açaraq, elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənildiyini nəzərə çatdırdı. Cari ildə antiplagiat sistemlərinin analizi və milli antiplagiat xidmətinin yaradılması konsepsiyasının işlənilməsi istiqamətində görülən işlərdən bəhs etdi.
Məruzəçi şöbədə həmçinin “DOI metrics – verilənlərin intellektual analizi” və “E-dövlət mühitində Azərbaycan dilinə dair bəzi xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması” mövzuları üzrə tədqiqatların davam etdirildiyini bildirdi.
M.Səidova cari ildə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti barədə ətraflı məlumat verdi. Elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, sistemləşdirilməsi və yayılması ilə əlaqədar bir sıra tədbirlərin həyata keçirildiyini qeyd etdi. Həmçinin beynəlxalq elmi-texniki cəmiyyətlərə və rəqəm kitabxanalarına üzvlüklə əlaqədar işlərin görüldüyünü vurğuladı.
Sonra şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən danışan məruzəçi cari ildə “Exlibris” şirkəti ilə Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi və müşaiyəti ilə bağlı əməkdaşlıq əlaqələrinin aparıldığını bildirdi.
O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülən işlərdən bəhs etdi.
Sonra şöbənin hesabatına dair fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev hesabatla bağlı təklif və tövsiyələrini səsləndirdi. Aparılan elmi araşdırmaların vacib problemləri əhatə etdiyini qeyd edərək tədqiqatların davam etdirilməsinin zəruriliyini vurğuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.