AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin növbəti onlayn seminarı keçirildi. Şöbə müdiri Anar Səmidov “Qədim sənət nümunələrində fraktalların rolu” mövzusunda məruzə ilə çıxış edərək “fraktal” sözünün latın dilində olan “fractus” sözündən götürüldüyünü, “fraqmentlərdən ibarət olan” kimi tərcümə olunduğunu qeyd etdi. Bildirdi ki, bu termin riyaziyyata 1975-ci ildə Benua Mandelbrot tərəfindən daxil edilmişdir. Fraktalın əsas xüsusiyyəti oxşarlıqdır. Sadə sözlə, fraktalın kiçik bir hissəsi, bütün fraktal haqqında böyük informasiya verir.
Məruzəçi müasir texnologiyaların sürətli inkişafının arxitektur layihələşdirilməsinin yeni metodlarının yaranmasına imkan yaratdığını bildirərək qeyd etdi ki, strukturların layihələndirilməsi zamanı fraktaldan istifadə obyektin harmonik bir forma almasına kömək edir.
O, fraktal memarlığın təbii (təbiət tərəfindən yaradılmış) və süni (insan tərəfindən yaradılmış) olaraq iki növə ayrıldığını diqqətə çatdırdı.
A.Səmidov bildirdi ki, təcrübədə tikintinin hansı növə aid olduğunu müəyyənləşdirmək asan olmur, hətta bəzi hallarda bu, mümkün deyil: “Əksər hallarda memarın fraktal prinsipindən şüurlu və ya intuitiv şəkildə istifadə etdiyi barədə heç bir məlumat yoxdur. Lakin bu binaların şüurlu şəkildə yaradılmış fraktal memarlıq nümunələrindən olduğunu deyə bilərik”.
Məruzəçi qeyd etdi ki, memarlığın formalaşmasında təbiət qanunlarının təkrarlanması sələflərimizin intuitiv səviyyədə fraktal tikililər və strukturlar yaratmasına imkan yaratmışdır: “Fraktallar özlərini təbiətin dilində ifadə edir, formalaşma prinsipləri isə memarlığa dərindən nüfuz edir. Strukturuna görə özünəbənzər və qeyri-müntəzəm olan ağaclar təbiətin ən yaxşı fraktal nümunələrindən biridir”.
Onun sözlərinə görə, bitki formalarına memarlığın ən erkən nümunələrində əhəmiyyətli dekorativ elementlərdən biri kimi baxmaq olar. Xüsusilə Misir sarayları və ehramların bəzəklərində bunu açıq şəkildə görmək mümkündür. Bu dövrdə zanbaq, lotus, xurma ağacları və ya papirus motivləri ilə bəzədilmiş ağaclar kimi ümumi xüsusiyyətlərə malik bir çox Misir sütunlarını görmək olar.
Görkəmli dekorativ elementlər kimi ağac və bitkilərin istifadəsinə qədim dövrlərdə (miladdan əvvəl 500-400 il) Yunanıstan və Roma sütunlarında da rast gəlindiyini söyləyən A.Səmidov bu dövr ərzində əsas diqqətin memarlıq naxışlarının zənginləşdirilməsi üçün ağacların və bitkilərin mürəkkəb formalarının hazırlanmasına ayrıldığını nəzərə çatdırdı.
A.Səmidov qeyd etdi ki, 1887-1889-cu illər ərzində Qustavo Eyfelə məxsus şirkət tərəfindən inşa edilmiş Eyfel qülləsi fraktallara xas olan özünəbənzər həndəsi elementlərdən ibarətdir. O, həmçinin Moskvada Vasili Blajennı məbədi, Kreml, London körpüsü, Müqəddəs Ailə kilsəsi, Paris opera binası, Moskvada yerləşən Tarix Muzeyi, Vatikanın Müqəddəs Pyotr kilsəsində fraktal qrafika elementlərinə rast gəlindiyini vurğuladı.
Məruzəçi fraktalların həmişə mövcud olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Mandelbrot isə bütün elmi cəmiyyətə dünyanın bir çox obyektlərinin fraktallığını aydın şəkildə göstərməyi nail olub. Fraktallar şəhər mühitinin memarlıq təsəvvürünə təsir göstərir. Fraktal nəzəriyyəsi və şəhərsalma infrastrukturunun sonradan modelləşdirilməsi artıq şəhər planlaşdırılması təcrübəsində geniş istifadə olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.