AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və baş mütəxəssis, Sabirə Ocaqverdiyevanın həmmüəllifi olduqları “Protecting children on the internet using deep generative adversarial networks” (“Dərin generativ rəqib şəbəkələrdən istifadə edərək uşaqların İnternetdə qorunması”) adlı məqalə “Inderscience” nəşriyyatında dərc olunan “International Journal of Computational Systems Engineering” jurnalında çap olunub.
Tədqiqat işində uşaqların İnternet mühitində zərərli informasiyaya girişini idarə etmək üçün verilənlərin sanitarizasiyasını (təmizlənməsini) həyata keçirən Dərin Generativ Rəqib Şəbəkələr əsasında iki blokdan ibarət yanaşma təklif olunmuşdur. Yanaşmanın birinci blokunu generator adlı avtoenkoder dərin neyron şəbəkəsi, ikinci blokunu isə diskriminator adlı logistik reqresiya klassifikatoru təşkil edir. Təklif edilmiş yanaşmaya görə generator blokunun tərkibindəki avtoenkoder, müəyyən küy əlavə etməklə uşaqlar üçün təhlükəli hesab edilən sensitiv atributların transformasiyasını, diskriminator blokunun tərkibindəki logistik reqressiya isə transformasiya olunmuş verilənlərin klassifikasiyasını həyata keçirir.
Verilənlərin transformasiyası zamanı informasiyanın faydalılığını saxlamaq üçün təmizlənmiş verilənlərin gizlilik və faydalılıq dərəcələri gözlənilən risk şəklində ölçülmüşdür və bu iki parametr arasında optimal konsensus minimax alqoritminin tətbiqi ilə əldə olunmuşdur. Zərərli şəkil təsvirləri üzərində aparılan eksperimentlərin nəticəsində klassifikasiya alqoritmi sensitiv verilənlər sinfini aşağı dəqiqliklə, sensitiv olmayan verilənlər sinfini isə yüksək dəqiqliklə tanıya bilmişdir.
Qeyd edək ki, International Journal of Computational Systems Engineering (IJCSysE) jurnalı “Google Scholar”, “Academic OneFile (Gale)”, “cnpLINKer (CNPIEC)”, “Info Trac (Gale)” və s. kimi beynəlxalq elmi bazalarda indeksləşir.
DOI: 10.1504/IJCSYSE.2020.111207
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.