Akademik Rasim Əliquliyev: “İnstitut kosmik tədqiqatlardan kənarda qalmamalıdır”

13 Noyabr 2020 - 17:26 | Konfranslar, İclaslar
Akademik Rasim Əliquliyev: “İnstitut kosmik tədqiqatlardan kənarda qalmamalıdır”

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev Elmi şuranın onlayn iclasında Azərbaycan Respublikasının kosmik sənayesinin formalaşdırılması və inkişafına elmi dəstəyin göstərilməsi məsələsinə toxunub.

Akademik ölkəmizdə formalaşan və inkişaf edən kosmik sənaye sahəsinə institut tərəfindən elmi dəstək göstərilməsinin əhəmiyyətindən danışıb, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şöbə rəhbərlərini kosmik tədqiqatların inkişafına töhfə verməyə çağırıb.

“İnstitut kosmik tədqiqatlardan kənarda qalmamalıdır”, - deyən akademik qeyd edib ki, yaxın gələcəkdə bu istiqamətdə təkliflər hazırlanmalı və AMEA-nın rəhbərliyinə təqdim olunmalıdır. Bildirib ki, institutun alim və tədqiqatçılarının kosmik sənayenin inkişafına verə biləcəyi töhfələrlə bağlı fəaliyyət planının hazırlanması da qarşıda duran vəzifələrdən biridir.

R.Əliquliyev magistratura səviyyəsində kosmik informatika üzrə yüksəkixtisaslı kadrların hazırlanmasının müasir dövrün tələbi olduğunu vurğulayıb, rəhbərlik etdiyi qurumun mütəxəssislərinə bu məsələdə fəal olmağı tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.