AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin “Mətnlərdən terminlərin avtomatik çıxarılması metodlarının müqayisəli analizi” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.
Məruzəni təqdim edən institutun əməkdaşı Əfruz Qurbanova terminlərin avtomatik çıxarılmasında (TAÇ) yerinə yetirilən altməsələlər, tədqiq olunan TAÇ metodları, qiymətləndirmə metodikası, qiymətləndirmənin nəticələri haqqında ətraflı məlumat verdi.
Ə.Qurbanova bildirdi ki, terminlərin çıxarılmasının ümumi məqsədi xüsusi sahənin əsas lüğətinin təyin edilməsinə xidmət edir. TAÇ kompüterləşdirilmiş bir vasitə kimi nəzərdə tutulmuşdur və terminologiyanın çıxarılması, terminologiyanın əldə edilməsi, terminlərin tanınması, qlossarinin çıxarılması, terminlərin identifikasiyası kimi də tanınır.
“TAÇ mətn korpuslarının kompüter analizinə əsaslanır və bir sıra üstünlüklər təklif edir. Belə ki, TAÇ korpusdakı dəlillərə əsaslanan kompüterləşmiş agenti özünə daxil edir, mütəxəssisin mətni əl ilə araşdırması ehtiyacını aradan qaldırır və avtomatlaşdırılmış agent üçün uyğun olan termin-namizədi əvvəlcədən seçən ilk filtr rolunu oynayır”, – deyə məruzəçi qeyd etdi.
Onun sözlərinə görə, qiymətləndirmələrin nəticələrini analiz etməklə belə qənaətə gəlmək olar ki, müqayisə edilən metodlar oxşar nəticələr verir. Terminlərin avtomatik çıxarılması təbii dilin işlənməsi sahəsində qurulmuş bir qaydadır və bir çox fərqli yanaşma və sistem işlənmişdir. Buna baxmayaraq, hamısı üçün bir sıra təkrarlanan altməsələləri ayırd etmək olar: korpuslar toplusu, vahidlik (birlik), terminlik, variantın müəyyənləşdirilməsi (seçim) və qiymətləndirmə. İlk sistemlər terminləri müəyyənləşdirmək üçün yalnız linqvistik məlumatlardan istifadə edirdi, lakin iri korpuslardan terminlərin çıxarılması üçün tədricən daha çox və mürəkkəb statistik metodlar işləndi. Müasir sistemlərin əksəriyyəti hər iki məlumat növünü birləşdirən hibridlərdir.
Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.