“Elektron Qarabağ” konsepsiyası ilə bağlı müzakirələr aparıldı

08 Noyabr 2020 - 18:32 | Konfranslar, İclaslar
“Elektron Qarabağ” konsepsiyası ilə bağlı müzakirələr aparıldı

İnstitutda erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar elmi prioritetlərə dair təkliflər hazırlanıb.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclasında bu qurum tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar elmi prioritetlərə dair təkliflərin verilməsi haqqında müzakirələr aparıldı.

İclası giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq bildirdi ki, bu gün ölkəmizdə Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağın erməni işğalından azad olunması uğrunda vətən müharibəsi gedir. Azərbaycan ordusu dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yeni bir tarix yazır. Hər bir azərbaycanlı öz imkanları çərçivəsində bu müharibədə iştirak edir, qələbənin əldə olunması üçün töhfələrini verir, rəşadətli Azərbaycan ordusuna hərtərəfli dəstəyini nümayiş etdirir.

Azərbaycan elmi ictimaiyyətinin də bu tarixi mübarizədə yaxından iştirak etdiyini qeyd edən akademik oktyabrın 30-da AMEA Rəyasət Heyətinin iclasında Qarabağ müharibəsinə ölkə ziyalılarının töhfələri ilə bağlı geniş müzakirələrin aparıldığını diqqətə çatdırdı.

R.Əliquliyev bir neçə gün öncə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclasında da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar bölmənin elmi müəssisələrinin təxirəsalınmaz vəzifələri və elmi prioritetləri ilə bağlı onlayn iclasın keçirildiyini, müvafiq qərarların qəbul olunduğunu dedi.

Sonra çıxış edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktrou, dosent Rəşid Ələkbərov qeyd etdi ki, Azərbaycanın uzun illərdir ki işğal altında olan torpaqlarında bütün şəbəkə infrastrukturu erməni təcavüzkarları tərəfindən dağıdılmışdır.

R.Ələkbərov AMEA-nın şəbəkə infrastrukturunun AR Təhsil Nazirliyinin şəbəkə infrastrukturuna inteqrasiya olunduğunu xatırladaraq gələcəkdə Qarabağ torpaqlarında yaradılacaq elm və təhsil müəssisələrinin İnternet xidmətləri ilə təmin olunacağını, həmin ərazilərdə şəbəkə infrastrukturunun yenidən qurulacağını söylədi. Əlavə etdi ki, işğaldan azad olunmuş ərazilərimizdə institutun Tədris-İnnovasiya Mərkəzinin imkanlarından istifadə etməklə distant və fiziki platformada İKT biliklərinin tədrisi, eləcə də şəbəkə üzərindən videkonfransların keçirilməsi işlərinə dəstək göstəriləcək.

Direktor müavini vurğuladı ki, əməkdaşlarımız AMEA-nın Qarabağ Regional Bölməsinin formalaşdırılmasında fəal iştirak edərək orada yaradılacaq informasiya sistemlərinin institutun Data Mərkəzində yerləşdirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün əlindən gələni etməyə hazırdır.

Sonra institutun alim və mütəxəssisləri çıxış edərək “Elektron Qarabağ” konsepsiyasının işlənilməsi və reallaşdırılması layihələrinə elmi-praktiki dəstəyin həyata keçirilməsi, onlayn platformada Qarabağ ensiklopediyasının hazırlanması işlərinə elmi-metodoloji dəstəyin təmin edilməsi, Qarabağla əlaqədar müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması və intellektual emalı texnologiyalarının işlənilməsi ilə bağlı təkliflərini irəli sürdülər.

Akademik R.Əliquliyev səsləndirilən təklifləri yüksək qiymətləndirərək qeyd etdi ki, biz bu gün bütün təklifləri reallaşdırmalı, dövlətin qarşımıza qoyduğu vəzifələrin icrası istiqamətində mövcud intellektual potensialımızdan səmərəli istifadə etməliyik: “İnstitutun Dağlıq Qarabağ müharibəsində erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar aparılan işlərdə həm bir ziyalı, həm də əsl Azərbaycan vətəndaşı kimi yaxından iştirakı son dərəcə vacibdir”.

Nitqinin sonunda AMEA-nın vitse-prezidenti institutun kollektivini 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi. “Bu gün işğaldan azad olunmuş torpaqlarımızda, eləcə də bütün ölkədə şanlı Azərbaycan bayrağı dalğalanır”, - deyən alim bu dalğalanmanın əbədi olacağına inamını ifadə etdi.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.