Terminoloji şəbəkələrin formal modelləri tədqiq olunur

30 Oktyabr 2020 - 12:40 | Konfranslar, İclaslar
Terminoloji şəbəkələrin formal modelləri tədqiq olunur

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 5 saylı şöbənin “Terminoloji şəbəkələrin formal modellərinin müqayisəli analizi” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirildi.

Məruzəni təqdim edən institutun əməkdaşı Səbinə Fomenko bildirdi ki, terminoloji sistemlərin ilk modelləri arasında hələ XX əsrin 60-cı illərində təklif edilmiş inteqrasiya olunmuş məntiqi-linqvistik modelləşdirmə konsepsiyasını nümunə göstərmək olar. Bu modeldə məntiqi vasitələr linqvistik formada təqdim edilmiş informasiyanın emalı üçün istifadə oluna bilər.

“Hazırda terminoloji sistemlərin bir neçə modelləşdirmə üsulu tətbiq edilir: terminoloji sistemlərin tezaurus modelləşdirilməsi, semantik-terminoloji şəbəkələr modeli, məntiqi-anlaşılan sxemin modelləşdirilməsi, terminoloji sistemlərin statistik modelləşdirilməsi, Freym modelləşdirilməsi, terminoloji sistemlərin qurulmasına ontoloji yanaşma və s.”, – deyə bildirən məruzəçi sadaladığı hər bir model barədə ətraflı məlumat verdi. Onların müqayisəli analizini təqdim edərək, üstünlükləri və çatışmazlıqlarını diqqətə çatdırdı.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.