AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun “Method for Effective Use of Cloudlet Network” (Cloudlet Şəbəkələrinin Resurslarından Səmərəli İstifadə Metodu) adlı məqaləsi nüfuzlu “International Journal of Computer Network and Information Security (IJCNIS)” jurnalında nəşr olunub.
Məqalədə şəhər miqyaslı naqilsiz şəbəkələrin (Wireless Metropolitan Area Networks -WMAN) baza stansiyalarının yaxınlığında yerləşdirilən cloudlet-lərin texniki imkanlarını nəzərə alaraq mobil istifadəçilərin proqram əlavələrinin balanslı şəkildə onlarda yerləşdirilməsi məsələsinin həllinə baxılmışdır. Təklif edilən modelin mobil qurğuların hesablama və yaddaş resurslarına olan tələbatın daha səmərəli təmin edilməsi və şəbəkədə yaranan gecikmələrin aradan qaldırılması, eləcə də etibarlı əlaqə kanalından istifadə edilməsi məsələsi yer almışdır.
Həmçinin mobil istifadəçi ilə cloudlet əsaslı əlaqə kanalının minimum olması təklif edilmiş, bununla da şəbəkələrdə mobil qurğuların multimedia proqram təminatlarının istifadəsi zamanı şəbəkənin yüklənməsinin azaldılması və əlaqə kanalının etibarlı işləməsi qeyd edilmişdir. Məsələlərin cloudlet şəbəkəsində balanslı şəkildə paylanması məsələsinə baxılmışdır. İstifadəçi məsələni ona daha yaxın olan cloudlet-ə yükləyib və həll edərsə, bu zaman gecikmələr və enerji sərfiyyatı az olacaq. Cloudlet mobil qurğudan uzaqda olsa, əlaqə kanallarının sayının artması ilə gecikmələrin də artması qeydə alınır.
Eyni zamanda, məqalədə istifadəçinin bəzi tələblərinə uyğun cloudlet-lərin seçilməsi məsələsinə baxılmışdır. Cloudlet-lərin əhəmiyyətini təyin edən mümkün qiymətlərindən (cloudlet-lərdə boş resursların, etibarlılıq göstəricisinin yüksək olması, cloudlet-lərin istifadəçiyə yaxın olması və s. şərtlərindən) istifadə etməklə istifadəçinin proqram əlavələrinin hansı cloudlet-ə yüklənməsi üçün şərtlər araşdırılmış və metod təklif edilmişdir.
“International Journal of Computer Network and Information Security” jurnalı “WoS”, “Scopus”, “Google Scholar”, “Microsoft Academic Search”, “CrossRef”, “IndexCopernicus”, “IET Inspec”, “EBSCO”, “VINITI”, “JournalSeek”, “Stanford University Libraries”, “CNKI Scholar”, “Open Science Directory” kimi beynəlxalq bazalarda indeksləşir və referatlaşdırılır. (DOI: 10.5815/ijcnis.2020.05.04)
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.