Azərbaycanda ilk dəfə olaraq informasiya iqtisadiyyatına həsr olunmuş doktorluq dissertasiyası işlənilib

02 Oktyabr 2020 - 12:29 | Konfranslar, İclaslar

“İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” mövzusu üzrə alınmış elmi-nəzəri nəticələr təqdim olundu.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn Elmi seminarı keçirildi. İclasa institutun 80-ə yaxın əməkdaşı “Zoom Meeting” proqramı vasitəsilə qoşulmuşdu.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq öncə cəbhədə Qarabağ uğrunda gedən döyüşlərə münasibətini ifadə etdi. Qeyd etdi ki, Azərbaycan ordusu hazırda cəbhə bölgəsində böyük əzmkarlıq və qəhrəmanlıq göstərərək düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparır, tarixi nailiyyətlər əldə edirlər. Bu çətin günlərdə institut olaraq biz də üzərimizə düşən məsuliyyəti dərk etməli, həmrəy olmalı, qarşıda duran vəzifələrin həyata keçirilməsində fəallıq nümayiş etdirməliyik.

Sonra akademik R.Əliquliyev elmi seminarın “İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” mövzusunda fundamental bir doktorluq dissertasiyasının müzakirəsinə həsr olunduğunu bildirdi. İnformasiya iqtisadiyyatına həsr olunmuş tədqiqatın Azərbaycanda bu istiqamətdə ilk dissertasiya işi olduğunu vurğuladı.

Dövlət siyasətinin də prioritetlərindən olan informasiya iqtisadiyyatının ölkəmizdə yeni-yeni formalaşmağa başladığını qeyd edən alim, dissertasiya işinin iki əsas hədəfə yönəldiyini dedi: “Bunlardan biri informasiya iqtisadiyyatı sahəsində ortaya elmi nəticə qoymaq, digəri isə ölkədə bu sahədə biliklərin tədrisini həyata keçirməkdir”.

Rəhbərlik etdiyi qurumda uzun illərdir ki informasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiq edildiyini deyən alim, gərgin əməyin nəticəsi kimi ortaya çıxan bu dissertasiya işinin yaxın zamanda Azərbaycan ictimaiyyətinə təqdim olunacağını diqqətə çatdırdı.

Sonra institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” mövzusu üzrə alınmış elmi-nəzəri nəticələri təqdim etdi.

O, bildirdi ki, XX əsrin ikinci yarısından etibarən cəmiyyətin sosial-iqtisadi həyatında baş verən texnoloji dəyişiklər, informasiyaya olan tələbatın getdikcə yüksəlməsi, elmtutumlu yüksək texnologiya məhsullarının istehsalı mövzunun aktuallığını şərtləndirən amillərdir.

Ə.Əliyev qeyd etdi ki, informasiya cəmiyyəti quruculuğunun iqtisadi bazası olan yeni tipli informasiya iqtisadiyyatı sektorlarının formalaşma  problemlərinin tədqiqi əsasında onların konseptual həlli istiqamətlərinin təklif edilməsi tədqiqat işinin əsas məqsədidir. Həmçinin  informasiya iqtisadiyyatının  hazırkı vəziyyətinin mövcud elmi-metodoloji və nəzəri əsaslarını inkişaf etdirməklə müvafiq model, metod, alqoritm və  mexanizmlərin işlənilməsi vasitəsilə onun sektorlarının innovativ perspektivlərinin  qiymətləndirilməsi dissertasiyanın hədəflərindəndir.

Tədqiqat işində qoyulmuş elmi-nəzəri və praktiki məsələlərdən söz açan məruzəçi nəzərə çatdırdı ki, buraya informasiya iqtisadiyyatının, həmçinin İKT sferasının, İKT-nin geniş tətbiq olunduğu ənənəvi iqtisadi sahələrin, İKT yönümlü milli innovasiya sisteminin, E-kommersiya və ödəniş sistemlərinin, dayanıqlı yaşıl, inklüziv iqtisadi inkişafın, yeni rəqəmsal sektorların formalaşması xüsusiyyətləri və inkişaf tendensiyalarının müəyyənləşdirilməsi, innovativ strukturların fəaliyyətinin idarə olunması üzrə çoxsəviyyəli modelin qurulması, informasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivlərinin qiymətləndirilməsi və s. aiddir.

İddiaçı dissertasiya işində alınmış əsas elmi yeniliklər haqqında da məlumat verdi: “Tədqiqat zamanı informasiya iqtisadiyyatının formalaşma xüsusiyyətlərinin və  inkişaf tendensiyalarının tədqiqi əsasında onun  müasir idarəetmə problemləri təsvir edilmiş, iqtisadi fəaliyyət sahələrinin İKT əsasında inkişaf etdirilməsi problemlərinin həlli istiqamətləri işlənilmiş, eləcə də Milli innovasiya sisteminin inkişaf tendensiyaları müəyyənləşdirilmiş və informasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivləri qiymətləndirilmişdir”.

Alimin sözlərinə görə, işin praktiki əhəmiyyəti ondan ibarətdir ki, təklif edilən metod və modellər əsasında əldə edilmiş elmi-praktiki nəticələr bir çox Dövlət proqramlarının icrası prosesində istifadə edilmiş və müxtəlif idarəetmə və istehsal-xidmət strukturlarının fəaliyyət nəticələrinin keyfiyyətinin səmərəliliyinin artırılmasına imkan verir.

Ə.Əliyev doktorluq dissertasiyasının hər bir fəsli üzrə aparılan araşdırma və təhlillər, əldə olunan elmi yeniliklər haqqında ətraflı məlumat verdi.

Məruzəçi dissertasiya işinin əsas nəticələrini də diqqətə çatdırdı. Bildirdi ki, qoyulmuş məqsədlərə çatmaq üçün yerinə yetirilən elmi-nəzəri və praktiki məsələlərin həlli zamanı bir sıra əsas elmi-metodoloji və metodiki nəticələr alınmışdır: “Qabaqcıl xarici ölkələrin təcrübəsinin təhlili nəticəsində informasiya iqtisadiyyatının formalaşma xüsusiyyətləri, prinsipləri, əlamətləri və  inkişaf tendensiyaları, eləcə də strateji inkişaf istiqamətləri və hədəfləri müəyyənləşdirilmişdir. İnformasiya iqtisadiyyatının elmi-nəzəri, praktiki əsaslarını təhlil etməklə onun müasir formalaşma və idarəetmə problemləri aşkarlanmış və onların həlli üsulları işlənilmişdir”.

O, Azərbaycanın informasiya və biliklər iqtisadiyyatının formalaşması üzrə müxtəlif indekslərə görə reytinqinin təhlili nəticələrini, həmçinin tamamlanmış dissertasiya işinin aprobasiyası və tətbiqi, eləcə də tədqiqat çərçivəsində çap olunmuş və yüksək beynəlxalq bazalarda indeksləşdirilmiş elmi nəşrlər barədə də məlumat verdi.

Sonra çıxış edən akademik Rasim Əliquliyev məruzənin əhəmiyyətini önə çəkərək dissertasiya işində elmtutumlu araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə olunduğunu diqqətə çatdırdı. Tədqiqat işinin gələcəkdə də davam etdirilməsi zərurəti ilə bağlı tövsiyələrini səsləndirən alim informasiya iqtisadiyyatı ilə bağlı beynəlxalq təcrübənin daha dərindən araşdırılması, dünya ölkələrinin informasiya iqtisadiyyatı üzrə reytinqinin geniş təqdim olunması və analitik müqayisəli təhlillərin aparılması, eləcə də səmərəli təkliflərin hazırlanmasının zəruri olduğunu dedi.

Məruzə ilə əlaqədar geniş fikir mübadiləsi aparıldı. Müzakirələrdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvləri, şöbə müdirləri, texnika elmləri doktorları Məsumə Məmmədova, Ramiz Alıquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və digər alimlər sual və təkliflərini səsləndirlər.

Sonda Elmi seminarda qərara alındı ki,  qeyd edilən irad, təklif və tövsiyələri nəzərə almaqla təqdim olunan dissertasiya işini Ali Attestasiya Komissiyasının  (AAK) mövcud tələblərinə müvafiq olaraq tamamlanmış tədqiqat işi hesab etmək olar. Bundan başqa,  dissertasiya işinin elmi-praktiki istiqamətlərini nəzərə alaraq onun 5306.01 – “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə müdafiəyə hazırlanması təklif edildi. 

İddiaçı Ə.Əliyevə seminarda qeyd edilən irad və tövsiyələri ən yaxın müddətdə nəzərə alaraq dissertasiya işini təkmilləşdirməsi və AAK-ın tələblərinə uyğun rəsmi müzakirəyə təqdim etməsi tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.