AMEA İnformasiya Texnologiyaları İnstitutunda institutun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov açdı. Bildirdi ki, qurumun Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədrin təyin olunması gündəlikdə duran əsas məsələdir.
R.Ələkbərov Rəhilə Həsənovanın ailə vəziyyəti və elmi işi ilə əlaqədar olaraq şuranın sədri vəzfiəsindən azad olunduğunu diqqətə çatdırdı. Sonra səsvermə nəticəsində texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov şuranın yeni sədri təyin olundu.
İclasda, həmçinin “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransında iştirak, şura üzvlərinin 2015-ci il üçün fəaliyyət planının hazırlanması, ikinci katibin seçilməsi və digər məsələlərlə bağlı müzakirələr aparıldı, müvafiq qərarlar qəbul olundu. Bildirildi ki, institutun gənclərinin AMEA-nın elmi-ictimai həyatında, beynəlxalq elmi konfranslarda, seminar və təlim kurslarında fəal iştirakı təmin olunmalıdır. Elmi fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, dünyanın aparıcı elmi universitetlərinə inteqrasiya, beynəlxalq elmi əməkdaşlıq və s. şuranın qarşısında duran əsas hədəflərə çevrilməlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.