İnstitutun şöbə müdiri MDU-da tələbələrin onlayn imtahanı üzrə komissiyada təmsil olunub

10 İyun 2020 - 16:11 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının Tətbiqi riyaziyyat fakültəsində 02.03.01 – “Riyaziyyat və kompüter elmləri” istiqaməti üzrə Dövlət İmtahan Komissiyasının üzvü olub.

G.Nəbibəyova 3-9 iyun 2020-ci il tarixlərdə universitetin bakalavr və magistratura pillələrinin buraxılış kurs tələbələrinin dövlət attestasiyası üzrə təşkil edilmiş Dövlət İmtahan Komissiyasının və İxtisaslaşdırılmış Müdafiə Şurasının işində onlayn formada iştirak edib.

Moskva Dövlət Universitetinin Bakı filialı AR Prezidentinin “M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyətinin təşkili haqqında” 2008-ci il 15 yanvar tarixli Fərmanı və MDU-nun rektorunun 25 sentyabr 2007-ci il tarixli əmri ilə təsis edilmişdir. Filialın rəsmi açılışı 27 fevral 2009-ci ildə baş tutmuşdur. 26 sentyabr 2012-ci ildə isə Bakıda MDU-nun yeni tədris kompleksinin açılış mərasimi keçirilmişdir.

Hazırda Universitetdə Filologiya, Tətbiqi riyaziyyat, Kimya, Fizika, Psixologiya və İqtisadiyyat fakültələrində ümumilikdə 471 bakalavr və 74 magistrant təhsil alır. 2019-cu ildə ali məktəbdən 91 bakalavr və 38 magistr məzun olmuşdur. Qeyd edək ki, MDU-nun Bakı filialında qəbul və təlim rus dilində aparılır. Filialın tədris fəaliyyəti Moskva Dövlət Universitetinin tədris planları və proqramlarına uyğun olaraq həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.