Neft avadanlığında nasazlıqların diaqnostikası üçün yeni model təklif olunub

07 İyun 2020 - 10:07 | Yeni nəşrlər
Neft avadanlığında nasazlıqların diaqnostikası üçün yeni model təklif olunub

Təklif edilən yanaşma avadanlığın və mürəkkəb texniki sistemlərin vəziyyətinin avtomatik diaqnostikası zamanı mütəxəssislərə kömək edə bilər.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın həmmüəllifi olduqları “Intelligent diagnosis of petroleum equipment faults using a deep hybrid model” (DOI: 10.1007/s42452-020-2741-0) adlı məqalə “Springer” nəşriyyatında dərc olunan “SN Applied Sciences” jurnalında çap olunub.

Tədqiqat işində neft avadanlığında nasazlıqların diaqnostikası üçün dərin hibrid model təklif edilib. Elektrik sualtı nasosun işinin monitorinqi və nasazlıqların vaxtında aşkarlanıb aradan qaldırılması neft-qaz sənayesində istismar və texniki xidmət xərclərini azalda bilər. Vibrasiyanın akselerometr sensorları əsasında qiymətləndirilməsi sistemdəki nasazlıqları aşkarlamağa imkan verir. Vibrasiya siqnalının tezliyi, zamanı və spektral məlumatları dərin hibrid modelin giriş verilənləri hesab olunur. Spektral məlumatlara qısamüddətli Furye çevrilməsindən alınmış spektroqram və kəsilməz veyvlet çevrilməsindən alınmış skaloqram daxildir və vibrasiya siqnalının ətraflı analizini təmin edir.

Eksperimental qiymətləndirmə göstərir ki, təklif olunan dərin hibrid model k ən yaxın qonşu, dayaq vektorları maşını, logistik reqressiya və təsadüfi meşə alqoritmlərindən üstündür və sistemin işi zamanı yaranan vibrasiya siqnalına əsasən elektrik sualtı nasosun imtinalarını avtomatik aşkar edə bilər.

Məqalə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi “NG-AI4Oil: Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi” qrant layihəsi çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanıb.

Qeyd edək ki, “SN Applied Sciences” jurnalı “Web of Science”, “INSPEC”, “Google Scholar”, “CNKI”, “EBSCO Discovery Service” və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.