Fevralın 14-də AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi Yüksək Texnologiyalar Araşdırma Mərkəzinin (TÜBİTAK-BİLGEM) vitse-prezidenti Orhan Muratoğlunu və BİLGEM Proqram Təminatı Texnologiyaları Tədqiqat İnstitutunun direktoru Cemil Sağıroğlunu qəbul etdi. Görüşdə, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Həbib Abbasov, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktorları – dosent Yadigar İmamverdiyev iştirak etdilər.
Qonaqları salamlayan akademik Rasim Əliquliyev hər iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin prezidentlər – Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin arasında mövcud olan yüksək etimad və şəxsi dostluğa əsaslandığını bildirdi. O, TÜBİTAK ilə AMEA-nın bir sıra elmi müəssisələri arasında uzun illərdir davam edən əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
R.Əliquliyev rəhbərlik etdiyi institutun fəaliyyət istiqaməti, müəssisənin alimləri tərəfindən aparılan elmi-tədqiqat işləri haqqında qonaqlara ətraflı məlumat verdi. Qeyd etdi ki, İTİ-də Data Mining və Big Data analitika, e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi, biometrik texnologiyalar, kiber-fiziki sistemlərin təhlükəsizliyi sahəsində fundamental tədqiqatlar aparılır.
O, söhbət zamanı ötən ay Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun ənənəvi illik toplantısında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması haqqında qərar qəbul olunduğunu xatırlatdı. Ölkə prezidenti İlham Əliyevin bu məsələyə mühüm dəyər verdiyini qeyd edən alim, “cənab Prezidentin dediyi kimi, biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik” – deyə vurğuladı.
O, artıq İnformasiya Texnologiyaları İnstitutunda ölkə prezidentinin çağırışlarına cavab olaraq, İndustry 4.0 konsepsiyası və süni intellekt sahəsində Azərbaycan elminin dəyərli nailiyyətlər əldə etməsi məqsədilə yeni elmi prioritetlər müəyyən edildiyini qeyd etdi.
Səmimi qəbula görə AMEA-nın vitse-prezidentinə öz təşəkkürünü bildirən TÜBİTAK-BİLGEM-in vitse-prezidenti Orhan Muratoğlu təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, iki dost, qardaş ölkə arasında hər bir sahədə, xüsusilə elm və təhsil sahəsində gündən-günə möhkəmlənən qarşılıqlı əlaqələrin qürurverici olduğunu dilə gətirdi.
O.Muratoğlu İnformasiya Texnologiyaları İnstitutunda müasir dünya elminin, rəqəmsal iqtisadiyyatın, Industry 4.0 konsepsiyasının çağırışlarına cavab verən yeni innovativ tədqiqatların aparılmasından məmnunluğunu xüsusi vurğuladı.
Görüşdə elmi və elmi-innovativ sahədə, o cümlədən e-dövlət, Big Data, 4-cü Sənaye İnqilabı, süni intellekt, kiberfiziki sistemlərin təhlükəsizliyi, proqram mühəndisliyi üzrə tədqiqatlar istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Elmi əməkdaşlığın gələcək perspektivləri müzakirə olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.