İnstitut əməkdaşlarının rəhbərliyi ilə hazırlanan layihələr “Sabahın alimləri” müsabiqəsində birinci və ikinci yerə layiq görülüb

14 Fevral 2020 - 16:13 | Mühüm hadisələr

11-13 fevral 2020-ci il tarixində İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilən “Sabahın alimləri” IX Respublika müsabiqəsinin qalibləri artıq məlumdur.  Müsabiqədə iştirak edən şagirdlər 8 istiqamət üzrə - 1) riyaziyyat; 2) fizika və astronomiya; 3) kimya; 4) biologiya; 5) tibb və sağlamlıq; 6) ekologiya və ətraf mühitin idarə olunması; 7) mühəndislik və 8) kompüter elmləri sahəsində hazırladıqları layihələri təqdim ediblər. Ümumilikdə 370 layihədən 187-si final mərhələsinədək yüksəlib.

Bakı Dövlət Universitetinin nəzdindəki “Gənc istedadlar” liseyinin X sinif şagirdləri Məhəmməd İsazadə Kənan Qasımovun hazırladığı “Azeri Dactyl Alphabet” adlı layihə kompüter elmləri nominasiyasında birinci yerə layiq görülüb. Birinci yerə layiq görülən bu layihə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Yusif İmamverdiyevin elmi rəhbərliyi ilə ərsəyə gəlib.  

Dünyada 34 milyonu uşaq olmaqla 466 milyon eşitmə, 500 milyon danışma qüsurlu insanların olduğunu, Azərbaycanda isə bu cür insanların sayının 310 min nəfərdən çox olduğunu bildirən layihə müəlliflərinin fikrincə, “Azeri Dactyl Alphabet“ adlı layihə inklüziv təhsilin inkişafına təkan verəcək. Bu proqram 3 hissədən ibarət olmaqla həm Android, həm də İOS əməliyyat sistemlərini dəstəkləyir. Birinci hissə “Əlifba” bölməsidir. Bu bölmədə Azərbaycan daktil əlifbasının hərfləri verilib. “İfadələr” adı verilən ikinci bölmədə jest dilində istifadə olunan bütün ifadələr yer alıb. Üçüncü hissədə isə daktil əlifbasının hərflərini və jest danışıq dilinin ifadələrini tanıyan proqram təminatı verilib. Bu tanıma sistemi süni intellekt texnologiyası (neyron şəbəkə) əsasında hazırlanıb. Mobil tətbiq olan bu proqram təminatı vasitəsilə danışma və eşitmə qüsurlu şəxslər fikrini hər kəsə çatdırmaq imkanına malik olacaq və cəmiyyətə inteqrasiya oluna biləcəklər.

Müsabiqədə iştirak edən akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ruslan Bayramov AMEA İTİ-nin şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevin elmi rəhbərliyi ilə hazırladığı “Plant Disease & Cause Detection using Deep Learning” adlı layihəsi ilə ikinci yerə layiq görülüb. Cari ilin may ayında ABŞ-da keçiriləcək İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün qaliblər arasından seçilmiş 4 layihə arasında bu layihə də var. Qalib şagirdlər BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək.

Qeyd edək ki, 8 istiqamət üzrə təqdim olunan layihələrdən yalnız 6 layihə I yerə, 16 layihə isə II yerə layiq görülüb.

Xatırladaq ki, fevralın 7-də AMEA İTİ-də “Sabahın alimləri” IX Respublika müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış şagirdlər ilə görüş keçirilib. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyevin də iştirak etdiyi görüşdə şagirdlər “Sabahın alimləri” IX Respublika müsabiqəsinin kompüter elmləri istiqaməti üçün hazırladıqları layihələrlə tədbir iştirakşılarını tanış ediblər.

Adıçəkilən müsabiqəyə Məhəmməd İsazadə, Kənan Qasımov və Ruslan Bayramovla yanaşı Bakı Avropa Liseyinin 9-cu sinif şagirdləri Selcan Kərimli və Nuray Kərimli “Coder Hub”, həmin liseyin 10-cu sinif şagirdləri Kamal Əlizadə və Məhərrəm ƏkbərovHealth & Donate” layihələrini təqdim ediblər. Qeyd edək ki, bu layihələr də Yusif İmamverdiyevin rəhbərliyi altında hazırlanıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.