Koreyalı mühəndislər gündəlik həyatda çoxşaxəli məişət işləri görə bilən robot qol hazırlayıblar. O, yumurta çala, qayçı ilə kağız doğraya, stəkana su tökə və s. bu kimi işləri yerinə yetirə bilir.
Yeni robot qolu insanın əlinin quruluşunu və hərəkətini simulyasiya edir. Onun dörd barmağı və 16 oynağı var. Hər bir barmağın və oynağın hərəkəti üçün müstəqil olaraq 12 mühərrik məsuliyyət daşıyır. Barmaqlara və ovuca dərini təqlid edən güc və toxunma tənzimləyiciləri bərkidilib. Robot qol hər hansı bir cisimlə təmasda olduqda güc tənzimləyiciləri barmağın ucunda hərəkətin ölçüsünü və istiqamətini ölçə bilir. Toxunma tənzimləyiciləri isə robotun əli cismə toxunduqda əlaqə bölgəsindəki güc paylanmasına nəzarət edir. Süni qol istənilən robot platformaya quraşdırıla bilər.
nanonewsnet.ru saytının məlumatına görə, bir kiloqram ağırlığında olan cihaz çəkisindən üç qat artıq yükə tab gətirə bilir.
Mühəndislər mexanizmin həm gündəlik həyatda, həm də sənaye işlərində tətbiq olunacağını güman edirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.