İqtisadi proseslərin imitasiya modelləşdirilməsi mövzusunda məruzə dinlənildi

11 Fevral 2020 - 14:41 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Şöbənin əməkdaşı Zümrüd Qənbərovaİqtisadi proseslərin imitasiya modelləşdirilməsi” mövzusunda məruzəni təqdim etdi. Bildirdi ki, müasir dövrdə istənilən sistemi layihə edərkən imitasiya modelləşdirilməsindən geniş istifadə olunur.

Model, modellləşdirmə, riyazi model haqqında məlumat verən məruzəçi real obyektdə tədqiq oluna bilməyən parametrlərin öyrənilməsinin, üzə çıxmayan effektlərin aşkar edilməsinin, real obyektə xələl gətirmədən müxtəlif kompüter eksperimentlərinin yerinə yetirilməsinin, eləcə də sistemin lazımi sazlama parametrlərinin model əsasında hesablanmasının imitasiya modelləşdirilməsinin üstün cəhətləri olduğunu diqqətə çatdırdı.

Onun sözlərinə görə, ehtimal nəzəriyyəsinə əsaslanan, təsadüfi ədədləri dəfələrlə istifadə etməklə fiziki hadisəni riyazi üsullarla modelləşdirən imitasiya modelləşdirməsinin ən geniş yayılmış üsullarından biri Monte-Karlo üsuludur. O, Monte-Karlo üsulunun köməyi ilə dairənin sahəsinin hesablanması barədə məlumat verdi. Bildirdi ki, bu üsulun köməyi ilə təsadüfi kəmiyyətlərin modelləşdirilməsi, Pi-ədədinin hesablanması, həmçinin sahələrin və çoxqat inteqralların hesablanması məsələlərini təqribi həll etmək mümkündür.

Z.Qənbərova real prosesin kompüter mühitinə nəql edilməsi üsulu olan simulyasiyadan danışaraq bu prosesin təməlində sistemin əsas parametr və göstəricilərinin toplanması dayandığını diqqətə çatdırdı. Qeyd etdi ki, ehtiyatların idarəedilməsi məsələlərində də kifayət qədər etibarlı həll əldə etmək üçün sistemin imitasiya (simulyasiya) metodlarına müraciət edilir. O, ehtiyatların idarəedilməsi məsələsinin araşdırılmasının əsas məqsədinin istehsalın və ya tədarük həcminin, habelə sifariş vermə vaxtının düzgün müəyyənləşdirilməsi olduğunu bildirdi.

Şöbə müdiri Anar Səmidov mövzu ətrafında yeni istiqamətlərin araşdırılmasını tövsiyə etdi, bir sıra təkliflər səsləndirdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.