“Xiaomi” 100 vatt gücündə rekord sürətə malik enejidoldurma texnologiyasını təqdim edib

07 Fevral 2020 - 11:28 | Texnoloji yeniliklər
“Xiaomi” 100 vatt gücündə rekord sürətə malik enejidoldurma texnologiyasını təqdim edib

“Xiaomi” şirkəti 100 vatt gücündə rekord sürətə malik enejidoldurma texnologiyasını təqdim edib. “Super Charge Turbo” adlı texnologiya ilk olaraq, “Redmi” flaqman smartfonlarında tətbiq ediləcək. 100 vatt gücündə cihaz 4000 milliamper/saat tutumlu akkumulyatora malik smartfonu cəmi 17 dəqiqə ərzində tamamilə eneji ilə doldurmağa imkan verir.

hi-tech.mail.ru saytının məlumatına əsasən, texnologiyanın xüsusiyyətinə görə istənilən akkumulyatorun faktiki həcmi 20 faiz azaldılacaq. Məsələn, 100 vatt gücündə enerjidoldurma cihazı 5000 milliamper/saat tutumlu akkumulyatoru yalnız 4000 milliamper/saata qədər doldura biləcək. Buna görə də belə texnologiyaya malik smartfonlar bir dəfə enerji ilə doldurulduqdan sonra o qədər də uzun müddət işləməyəcək.

Həmçinin, güclü enerjidoldurma texnologiyasının hazırlanması üçün gərginlik əhəmiyyətli dərəcədə artırılıb, ana plata, akkumulyator və qidalanma blokunun qızmadan və qısa qapanmadan qorunması məqsədilə texnologiyaya bir neçə mexanizm əlavə edilib.

Şirkət nümayəndələri bu haqda məlumat verməsələr də, ehtimal olunur ki, texnologiyanın son versiyasında smartfonlar daim 100 Vatt gücündə cihazla enerji toplamayacaqlar. Çünki smartfonu yarım saat ərzində enerji ilə doldurmaq həmişə tələb olunmur.