Elektron təhsil mühitinin intellektuallaşdırılması üzrə metodlar işləniləcək

05 Fevral 2020 - 11:16 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin 2020-ci il üzrə fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev rəhbərlik etdiyi şöbənin elmi-tədqiqat fəaliyyətinin əsas istiqaməti kimi “İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi” mövzusu üzrə informasiya cəmiyyətinin elmi-nəzəri problemlərinin araşdırılacağını diqqətə çatdırdı.

O, qeyd etdi ki, elektron təhsil mühitinin intelektuallaşdırılması üzrə metodların işlənməsi, onun idarə edilməsi üçün Data Mining imkanlarının araşdırılması, fərdiləşməsi üzrə metod və alqoritmlərinin tədqiqi, eləcə də e-təhsildə sosial şəbəkələr üzrə təhsil kontentinin idarə edilməsi məsələləri, biliklərin idarə edilməsi üzrə metod və alqoritmlərin tədqiqi də bu istiqamətdə yerinə yetiriləcək işlər sırasındadır.

Məruzəçi Bulud texnologiyasının əsasında təhsil kontentlərinin formalaşması və mühafizəsinin, eləcə də elektron tədris mühitində Big Data texnologiyalarının tətbiqinə dair araşdırmaların aparılacağını da vurğuladı.

F.Ağayev, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək tədbirləri diqqətə çatdırdı. O, informasiya-kommunikasiya texnologiyaları sahəsində bacarıqların inkişaf etdirilməsi üzrə standartların araşdırılacağını da vurğuladı.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim elektron təhsil mühitinin formalaşması məsələlərinin dərindən araşdırılmasının, dünyada bu sahədə beynəlxalq təcrübənin və yeni yanaşmaların tədqiqinin, o cümlədən mövcud vəziyyətin öyrənilməsinin vacibliyini qeyd etdi.

Fəaliyyət planı ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.