Milli terminoloji sistem əsasında terminoloji proseslərin idarə edilməsi və təşkili metodları araşdırılacaq

03 Fevral 2020 - 17:47 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 5 saylı şöbəsinin 2020-ci il üzrə fəaliyyət planı müzakirə olundu. Şöbə müdiri Səyyar Abdullayev rəhbərlik etdiyi şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində görüləcək işləri diqqətə çatdırdı.

Məruzəçi informasiya texnologiyaları üzrə terminologiya məsələlərinin araşdırılacağını vurğuladı. Bildirdi ki, cari il ərzində milli terminoloji sistem əsasında terminoloji proseslərin idarə edilməsi və təşkili metodları araşdırılacaq. S.Abdullayev elmi-innovasiya və praktiki fəaliyyət çərçivəsində görüləcək işləri də diqqətə çatdırdı. Onun sözlərinə görə, 2020-ci ildə İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin  seçilməsi, tərcümə edilməsi və təsnifi ilə bağlı tətqiqatların aparılması nəzərdə tutulur.

S.Abdullayev şöbədə cari il ərzində elmi-pedoqoji, elmi-təşkilati fəaliyyət, beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərci, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işlərdən də söz açdı.

Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək terminoqrafiya fəaliyyətinin dilimizə daxil olan yeni sözlərin toplanması və sistemləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi, bu sahədə aparılan araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.