AMEA İnformasiya Texnologiyaları İnstitutunun AMEA Gəncə Bölməsində Distant Tədris Mərkəzinin (DTM) açılışına həsr olunmuş virtual tədbir keçirildi. İnstitutun Tədris-İnnovasiya Mərkəzinin (TİM) Distant Tədris Mərkəzində videokonfrans sistemi vasitəsilə baş tutan tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev öncə iştirakçıları AMEA Rəyasət Heyətinin üzvlərinin və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin adından salamladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin sürətlə inkişaf edən bölgələrindən biri kimi Gəncə şəhərinin inkişafına xüsusi qayğı göstərdiyini söyləyən alim şəhərin Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafında mühüm yerə malik olduğunu vurğuladı. Qeyd etdi ki, Gəncədə son illər yüksək texnologiyalara əsaslanan sənayenin formalaşması, bu prosesə elmi dəstək verən qurumların yaradılması, ölkə üçün aktual olan elmi problemlərin araşdırılması, Azərbaycan və dünya elminə töhvələr verilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
R.Əliquliyev ölkəmizdə informasiya cəmiyyəti quruculuğu, İKT-nin bütün sahələrə geniş tətbiqi istiqamətində aparılan işlərdən, qəbul edilən dövlət proqramlarından söhbət açdı. Ölkə prezidenti cənab İlham Əliyevin 2 aprel 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da elmin qarşısında mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırdı. Milli Strategiyanın həyata keçirilməsinin əsas prinsiplərindən birinin də “innovativlik – elmi-texniki tərəqqinin yeniliklərinin nəzərə alınması və müasir elmi tədqiqatların aparılmasına diqqət ayrılması” olduğunu qeyd etdi.
Bildirdi ki, AMEA Azərbaycan elminin ayrılmaz hissəsi olan bir qurum kimi, ölkənin bütün regionlarında, o cümlədən Gəncədə elmin inkişafına böyük əhəmiyyət verir. AMEA-da aparılan genişmiqyaslı islahatlardan danışan alim cari ilin fevral ayında AMEA Rəyasət Heyətinin Gəncə şəhərində keçirilmiş səyyar iclasını xatırladaraq, burada elmin inkişafı istiqamətində həlli vacib problemlərin müzakirə olunduğunu qeyd etdi: “İclasda qəbul edilmiş qərarlardan biri də ondan ibarət idi ki, Gəncənin elm və təhsil müəssisələrində informasiya texnologiyalarının geniş tətbiqi, elm və təhsilin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün mütləq burada şəbəkə infrastrukturu yaradılsın və Gəncədə çalışan alimlərin və gənc tədqiqatçıların beynəlxalq elmi bazalara çıxışı təmin edilsin. Bu qərarın icrası artıq yekunlaşmışdır: genişzolaqlı İnternet texnologiyasının əsasını təşkil edən fiber-optik kabel xətləri çəkilmiş, AMEA-nın Gəncə Bölməsində “AzScienceNet” şəbəkəsinin infrastrukturu yaradılmışdır. Müvafiq istiqamətdə fəaliyyətin davamı olaraq, burada İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi yaradılmışdır. Bu işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi münasibətilə hər birinizi təbrik edirəm”.
AMEA-nın AzScienceNet EKŞ-nin geniş imkanlarını nəzərə çatdıran R.Əliquliyev bu şəbəkənin fəaliyyətinin günü-gündən daha da genişləndiyini, ölkə üçün böyük əhəmiyyətə malik olduğunu vurğuladı. AMEA-nın institut və təşkilatlarını müasir şəbəkə xidmətləri ilə təmin edən AzScienceNet-in 10 mindən çox istifadəçisinin olduğunu qeyd etdi. Bu şəbəkənin Avropanın magistral elm-təhsil kompüter şəbəkəsi olan GEANT şəbəkəsinə qoşulmasının planlaşdırıldığını nəzərə çatdıraraq, bunun Azərbaycan, o cümlədən Gəncə şəhərində yerləşən elm və təhsil müəssisələri üçün geniş imkanlar yaradacağına əminliyini ifadə etdi.
Gəncədə DTM-nin yaradılmasının əhəmiyyətini vurğulayan R.Əliquliyev bu mərkəzin Bakı ilə Gəncə arasında elm və təhsil körpüsü olacağını, doktorant və dissertantların məsafədən təhsil alması, on-layn seminar və konfransların keçirilməsi, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulması üçün geniş imkanlar yaratdığını söylədi.
R.Əliquliyev AMEA RH, AR Təhsil Nazirliyi, AR Prezidenti yanında Ali Attestasiya Komisiyası kollegiyasının birgə qərarı əsasında respublikanın bütün doktorant və dissertantları üçün “İnformatika” fənni üzrə tədris kurslarının təşkilinin və doktorluq imtahanlarının qəbulunun mərkəzləşdirilmiş qaydada AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, institutun Tədris-İnnovasiya Mərkəzində 2003-cü ildən bu günə kimi 13 minə yaxın doktorant və dissertanta institutun alim və mütəxəssisləri tərəfindən elmi fəaliyyət üçün əhəmiyyət kəsb edən mövzularda: elmmetriya, informasiya təhlükəsizliyi, informasiya cəmiyyəti, informasiya mədəniyyəti, bulud texnologiyaları və s. üzrə nəzəri biliklər aşılanır, eyni zamanda elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün vacib olan kompüter proqramları üzrə praktiki biliklər tədris edilir. 2011-ci ildən bu mərkəzdə əyani təhsillə yanaşı, distant təhsil xidmətlərinin də həyata keçirildiyini vurğulayan alim AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan MR-da yerləşən digər ali məktəblərin doktorant və dissertantlarının 4 ildir ki, bu xidmətdən yararlanaraq məsafədən təhsil aldığını söylədi.
Sonra çıxış edən AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev AMEA rəhbərliyinə mərkəzin açılışında göstərdikləri köməyə görə öz təşəkkürünü bildirdi. Gəncə şəhərində 120-yə yaxın gənc alim və mütəxəssisin fəaliyyət göstərərək, elmi-tədqiqatlar apardığını diqqətə çatdıran F.Əliyev Gəncə DTM-də təşkil olunan dərslərdə 4 universitet və 6 elmi-tədqiqat institutunun doktorantlarının iştirak edəcəyini söylədi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.