Avstraliya tədqiqatçıları yeni nəsil sensor ekranlar üçün qəzet kimi bükülən və əyilən nazik elektron material hazırlayıblar.
naukatv.ru saytının məlumatına görə, yeni material indium-qalay oksidindən ibarətdir. Melburn Kral Texnologiya İnstitutunun alimləri maye metalı yastı nazik örtüyə çevirmək üçün onun üzərində çap texnikasından istifadə ediblər. Bütün mövcud sensor ekranlardan 100 dəfə daha nazik olan material toxunuşlara reaksiya verir. Həmçinin örtük o qədər elastikdir ki, onu boru şəklində bükmək mümkündür. Material əsasında sensor ekranın işçi prototipi hazırlanıb. Artıq istehsalçılar texnologiyanın bazara çıxarılması məqsədilə patent almaq üçün müraciət ediblər.
Qalınlığı təxminən 1,4 nanometr təşkil edən örtük yüksək elektrik keçiriciliyinə malikdir. İkiölçülü səth materialı şəffaf edir və daha çox işıq buraxır. Bu o deməkdir ki, belə materialdan hazırlanmış sensor ekrana malik telefon batareyanın işləmə müddətini təxminən 10 faiz artıraraq, daha az enerji sərf edəcək. Adi sensor ekranlar üçün şəffaf örtüklərin istehsalı vakuum kamerasında aparılan yavaş, çox enerji sərf edilən və bahalı prosesdir. Yeni yanaşma bahalı və ya ixtisaslaşdırılmış avadanlıqlar tələb etmir. Ultranazik örtük mövcud elektron texnologiyalara uyğundur və yüksək elastikliyi sayəsində rulon emalı ilə hazırlana bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.